fizyoterapi.az
25 Yanvar 2024
Çiyin ağrısı ümumi bir əzələ-skelet sistemi problemidir. Çiyin ağrısı bel və boyun ağrılarından sonra üçüncü ən çox rast gəlinən ağrılardandır. Bu ağrı ən çox qollarından istifadə edərək işləyən insanlarda rast gəlinir. Çiyin ağrılarının əsas səbəblərindən biri də çiyin oynağının insan bədəninin ən hərəkətli və mürəkkəb oynağı olmasıdır.
Çiyin birləşməsinin ətrafında kapsul, bağlar, tendon, əzələlərdən ibarət yumşaq toxumalar yerləşir. Bu toxumaların zədələnməsi tez-tez çiyin ağrısına səbəb olur.
Ən çox rastlaşdığımız çiyin ağrısı çiynin öz strukturlarından qaynaqlanır. Ən çox rast gəlinənlər çiyin vətərlərinə aid olan impingement sindromu və rotator manşet sindromudur.
Donmuş çiyin, tendinit (bisipital tendinit), vətərlərdə əhəng yığılması nəticəsində yaranan kalsifik tendinitis, osteoartrit (əhənglənmə), çiyin laxlığı və ya çiyin yarı çıxıqlığı (subluksasiya) və çiyin ətrafındakı əzələlərə bağlı gərginlik ən çox rast gəlinən problemlərdir. Çiyin ətrafındakı əzələ və sinirlər də çiyin ağrısı yarada bilər.
İltihablı revmatik xəstəliklər də çiyinə təsir göstən faktorlar arasındadır. Bundan əlavə, çiyin nahiyəsində sümük və yumşaq toxumalardan yaranan şişlər da çiyin ağrısına səbəb ola bilər. Ağciyər, qaraciyər, mədə, öd kisəsi xərçəngi, dalaq problemləri, ürək xəstəlikləri az rast gəlinsə də, ağrının səbəblərindəndir. Qeyd etmək lazımdır ki, boyundakı yırtıqlar səbəbi ilə yaranan ağrı çiyinə doğru yayılaraq çiyin problemi yaradır. Buna görə də bəzən boyun ağrısı çiyin ağrısı ilə səhv salınır.
Çiyin ağrısına səbəb olan əksər patologiyaların əsas müalicəsi fiziki müalicə və reabilitasiyadır. Oynağın qorunması, gərgin fəaliyyətlərdən qaçınmaq və müntəzəm məşq etmək çiyin ağrısının azalmasında və yox olmasında son dərəcə vacibdir.
İstirahət: Çiyninizə istirahət verin və ağrılı bölgəni gərginləşdirməyin. Ağrıyan çiyini hərəkət etdirməyin və ağır əşyaları qaldırmaqdan və ya təkrarlanan hərəkətlərdən çəkinin.
Soyuq və İsti Tətbiq: İlk 24-48 saat ərzində soyuq kompres tətbiqi çiyindəki şişkinliyi və ağrıları azalda bilər. İlkin ağrı azaldıqdan sonra istilik tətbiqi ilə əzələləri rahatlaşdıra bilərsiniz.
Ağrı kəsicilər: Ağrıları aradan qaldırmaq üçün reseptsiz satılan ağrıkəsicilərdən istifadə edə bilərsiniz. Ancaq bu dərmanları istifadə etməzdən əvvəl həkimə müraciət etmək vacibdir.
Çiyin Məşqləri və Dartma: Çiyin hərəkət diapazonunu artırmaq və əzələləri gücləndirmək üçün həkiminizin və ya fizioterapevtinizin tövsiyə etdiyi çiyin məşqlərini edə bilərsiniz.
Masaj və Fiziki Müalicə: Peşəkar masajçı və ya fizioterapevtdən kömək alaraq çiyin əzələlərinizi rahatlaşdıra və ağrıları azalda bilərsiniz.
Düzgün Duruş və Hərəkət: Yanlış duruş və hərəkətlər çiyin ağrılarına səbəb ola bilər.
Erqonomik Tənzimləmələr: Kompüterdən gün ərzində çox istifadə edirsinizsə, uyğun mövqedə oturmaqla çiyinə düşən yükü azalda bilərsiniz.
Kiçik Yastıqlar: Yan üstə yatarkən başınızı dəstəkləmək üçün uyğun hündürlükdə kiçik yastıqlardan istifadə edərək çiyin ağrısını azalda bilərsiniz.
Çiyin ağrısı davam edərsə və ya şiddətlidirsə, həkimə müraciət etməlisiniz. Uzunmüddətli ağrı başqa bir sağlamlıq probleminin əlaməti ola bilər.
Çiyin ağrısı ağır bir problem olmasa da, bəzi hallarda ciddi sağlamlıq probleminin əlaməti ola bilər. Şiddətli ağrı, qolda uyuşma və ya zəiflik, nəfəs darlığı, ani şişlik və ya deformasiya, diabetli xəstələrdə çiyin ağrısı, hərəkət məhdudluğu və ya qızdırma, xüsusən də çiyin ağrısı ilə müşayiət olunan hərarət kimi simptomlarınız varsa, həkimə müraciət etməlisiniz.
Yüngül çiyin ağrısı adətən vaxt və istirahətlə öz-özünə keçə bilər. Bu tip ağrılar üçün evdə dincəlməklə, buz tətbiq etməklə, ağrıkəsicilərdən istifadə etməklə və çiyni gərginləşdirməkdən çəkinməklə simptomları aradan qaldıra bilərsiniz.
Tags :