Karpal Tunel Sindromu nun Səbəbləri və Müalicəsi
fizyoterapi.az
11 Oktyabr 2024
Karpal Tunel Sindromu çox geniş yayılmış əl-bilək problemidir. Biləyinizdəki Karpal Tuneldə hər hansı bir qıcıqlanma və ya zədələnmə medial sinirinizə təzyiq göstərdikdə bu problem ortaya çıxır. Bu sindrom, xüsusilə gecə saatlarında daha çox narahatlıq yaradır və insanların yuxudan oyanmasına səbəb ola bilir.
Karpal tunel bilək sümüklərinizdəki boşluqdur. Kobud bir bənzətmə ilə bu dağın yamacından keçən tunel yolu kimidir, ancaq qayada avtomobillər üçün yer açmaq əvəzinə, sümüklərinizdə vətərlərin, bağların və sinirlərin əlinizə çatmasına imkan verən bir keçiddir.
Karpal tunel sindromu, karpal tunelinizdən keçən median siniri bir şey qıcıqlandırdıqda və ya əlavə təzyiq göstərdikdə baş verir. Bu tuneldəki vətərlərin şişməsi və ya tunelin daralması nəticəsində medial sinir sıxılır və karpal tunel sindromu ortaya çıxır.
Median sinir baş barmağın hərəkətindən məsul olan 3 əsas əzələni (innervasiya) idarə edir:
-Baş barmağın uzağa hərəkət etməsini
-Baş barmağın digər barmaqlara doğru hərəkət etməsini
-Baş barmağın bükülməsini təmin edir.
Karpal Tunel Sindromu üçün Risk Faktorları nələrdir?
Qeyd etdiyimiz kimi median sinirinizə əlavə təzyiq Karpal Tunel Sindromuna səbəb olur. Karpal tuneldən keçən bütün hissələr (sinir və vətərlər) üçün kifayət qədər yer var, lakin biləyinizin bir hissəsi şişmiş və ya zədələnmişsə, bu, median sinir də daxil olmaqla ətrafdakı digər toxumalarda da müəyyən klinik fəsadlara səbəb olur.
Karpal tunel sindromu-nun bir çox hallarda aydın bir səbəbi olmur və bu vəziyyətə idiopatik vəziyyət deyilir. Lakin bəzi risk faktorları mövcuddur:
- Təkrarlanan hərəkətlər və bilək zədələnmələri
- Obezite (piylənmə)
- Menopoz dövrü
- Revmatoid artrit
- Diabet
- Akromeqaliya
- Hipotiroidizm
Karpal Tunel Sindromunun Əlamətləri
Karpal Tunel Sindromunun əsas simptomu əl uyuşmasıdır. Bu uyuşma baş barmaq, işarə barmağı, orta barmaq və üzük barmağının bir hissəsinə təsir edir. Kiçik barmaq və üzük barmağının kiçik barmağa yaxın hissəsi isə bu simptomlardan təsirlənmir.
Uyuşma gecələr daha çox müşahidə olunur və bu uyuşma ilə xəstələr gecə yuxudan oyanırlar.
Əlavə simptomlar arasında bilək ağrıları da var. Bu ağrı bəzən qol boyunca yuxarıya doğru yayılaraq dirsəyə, hətta bəzən çiyinə qədər çata bilər. Bu vəziyyətdə, simptomlar servikal (boyun) disk yırtığının əlamətlərinə də bənzəyə bilər. Bundan əlavə xəstələr tez-tez əllərini silkələyərək qan dövranını bərpa etməyə çalışırlar. Əslində, bu hərəkət əllərdə gecə vaxtı yığılan mayeni biləkdən uzaqlaşdırır və sinir üzərindəki təzyiqi azaldır.
Karpal tunel sindromunun digər bir xüsusiyyəti isə onun təxminən 25% hallarda iki tərəfli (bilateral) olmasıdır. Yəni, xəstələrin dörddə biri karpal tunel sindromunu hər iki əlində yaşaya bilər. Bəzi xəstələrdə bu, hər iki əldə eyni vaxtda meydana gələ bilər, digərlərində isə əvvəl bir tərəfdə simptomlar yaranır və qısa müddət sonra digər tərəfdə də inkişaf edir.
Ümumiləşdirsək, Karpal Tunel Sindromunun xüsusiyyətləri aşağıdakılardır:
1) Barmaqlarda uyuşma və hissiyatsızlıq:
– Baş barmaq
– İşarə barmağı
– Orta barmaq
– Üzük barmağının yarısı (kiçik barmaq adətən təsirlənmir)
2) Biləkdə və ovuc içində ağrı
3) Ağrının qola, dirsəyə və nadir hallarda çiyinə yayılması
4) Baş barmaq hərəkətlərində zəiflik
5) Əşyaları tutmaqda çətinlik
6) İncə (sadə) əl hərəkətlərdə çətinlik
7) Gecə əllərdə uyuşma və ya ağrı səbəbilə oyanma
Bu simptomlar xəstələrin gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər və vaxtında diaqnoz və müalicə üçün həkimə müraciət etmək vacibdir.
Karpal Tunel Sindromu nə qədər geniş yayılıb?
Karpal Tunel Sindromu olduqca geniş yayılmışdır. Mütəxəssislərin hesablamalarına görə, ABŞ-da hər 1000 nəfərdən 3-ü hər il Karpal Tunel Sindromu yaşayır. Karpal Tunel Sindromunun (KTS) ümumi əhali arasında yayılma tezliyi 1%-dən 5%-ə qədərdir. Karpal Tunel Sindromunun (KTS) qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Qadınlarda bu sindromun rast gəlinməsi kişilərə nisbətən 3 dəfə çoxdur.
Karpal Tunel Sindromunda əsaslı fəsadlar nələrdir?
Əgər bir sağlamlıq mütəxəssisi karpal tunel sindromunu mümkün qədər tez diaqnoz qoyub, müalicə etməzsə, biləyinizdəki qıcıqlanma qalıcı zədələrə belə səbəb ola bilər. Xüsusilə, əlavə təzyiq median sinirə zərər verə, bu da əlinizi hərəkət etdirməkdə və gündəlik işlərin öhdəsindən gəlməkdə xəstəyə çətinlik yarada bilər. Karpal tunel əlamətləri və ya əliniz və biləyinizdə hər hansı dəyişiklik hiss etdiyiniz zaman dərhal bir sağlamlıq mütəxəssisinə müraciət edin.
Karpan Tunel Sindromunda diaqnoz necə qoyulur?
Sağlamlıq mütəxəssisi sizin üçün ən yaxşı müalicəni təyin etmək üçün aşağıdakı müayinə üsullarına müraciət edəcəkdir.
– Yaşınız
– Ümumi sağlamlığınız və tibbi tarixçəniz
– Biləyinizin müayinədəki vəziyyəti
Karpal Tunel Sindromu müalicəsi aşağıdakı mərhələlərdən ibarətdir:
– Əl üçün şina istifadəsi. Bu metod biləyin hərəkətini məhdudlaşdırmağa kömək edir. Eyni zamanda karpal tunel boyunca seyr edən sıxılmış sinirlərin üzərindəki təzyiqin azaldılmasında rol oynayır.
– İltihab əleyhinə dərmanlar. Bu dərmanlar oral yolla qəbul olunur və ya karpal tunel boşluğuna inyeksiya şəklində daxil edilir və şişkinliyi azaltmağa kömək edir.
– Cərrahiyyə. Bu prosedur karpal tunel içindəki sinirlərin sıxılmasını aradan qaldırır.
– İş yerində davranış. Kompüter klaviaturasının yerinin dəyişdirilməsi və ya digər erqonomik dəyişikliklər simptomları azaltmağa və müalicənin effektiv olmasına kömək edir.
– Məşq. Gərmə və gücləndirmə məşqləri simptomları yaxşılaşan insanlarda faydalı ola bilər. Bu məşqlər fiziki və ya aktiv iş xəstəliklərində təcrübəli terapevtlər tərəfindən nəzarət altında həyata keçirilməlidir.
Karpal tunel testləri
Sağlamlıq mütəxəssisi karpal tunel sindromunu diaqnoz etmək üçün fiziki və görüntüləmə testlərinin bir kombinasiyasından istifadə edəcək, bunlara daxildir:
– Tinel və ya Perkussiya testi
– Phalen testi
– Bilək rentgeni
– Elektromiyoqrafiya (EMG)
– Ultrasəs
Karpal Tunel Sindromu və Cərrahiyyəsi
Cərrahi müdaxilə ediləcək sahə tamamilə anasteziy olunduqdan sonra, proseslər başlayır. Bu zaman kiçik bir kəsimdən sonra dəri və digər yumşaq toxumalar kənara çəkilir, əməliyyat karpal bağ üzərində aparılır. Həkim-cərrah karpal tuneli kəsərək median sinir üzərindəki təzyiqi azaldaraq əlamətlərin azaldılmasını təmin edir. Bu prosedurlardan sonra xəstə hiss etdiyi ağrı, uyuşuqluq kimi hisslərin aradan qaldırıldığını hiss etməyə başlayır, simptomlar tədricən yüngülləşməyə doğru gedir. Əməliyyat tamamlandıqdan sonra, yaranın düzgün sağalmasını təmin etmək üçün tikişlər qoyulur və steril bandaj tətbiq edilərək biləyin hərəkəti məhdudlaşdırılır. Bu tədbirlər, sağalma müddətində biləyin stabil vəziyyətdə qalmasına və daha tez bərpa olunmasına kömək edəcəkdir.Əməliyyatdan Sonrakı İlk Bir Neçə Həftə: Endoskopik prosedur keçirmiş xəstələr açıq əməliyyat prosesi keçirmiş xəsətələrə nisbətən daha tez aktiv fəaliyyətə başlaya bilirlər. Tədqiqatlar göstərir ki, təxminən bir aydan sonra hər iki prosedur arasında bərpa prosesi baxımından demək olar ki, heç bir fərq qalmır.
Əməliyyatdan Sonrakı İlk Günlər: Hər iki əməliyyatdan sonra adətən bir və ya iki gün əl bandajda qalmalıdır. Hətta bir-iki gün ərzində ağrıkəsici dərmanlar da qəbul edilə bilər. Sonra, bandaj dəyişdirilir və xəstələrə yüngül fəaliyyətlər üçün bilək və əllərini istifadə etməyə icazə verilir. Əməliyyatdan sonra yük qaldırma limiti -0.5 kiloqramdır. Sağalma prosesi ilə bu yük həcmi də artırılır.
Tikişlərin Alınması və Daha Çox Hərəkət Azadlığı: Tikişlər adətən əməliyyatdan 10 gün sonra və ya iki həftə ərzində çıxarılır. Bu dövrdən sonra tikişlərin olduğu yerin qıcıqlanması və ya infeksiya riski azaldığından, xəstələr əllərini daha çox istifadə etməyə başlayırlar. Növbəti bir ay ərzində xəstələr yavaş-yavaş ağırlıq qaldırma güclərini 0.5 kiloqramdan 2.5 kiloqrama, sonra isə 5 kiloqramdan 10 kiloqrama qədər artırırlar.
Tam Bərpa Müddəti: Adətən, əməliyyatdan 8 həftə sonra xəstələrin əksəriyyəti gündəlik fəaliyyətlərinin çoxunu və ya hamısını yerinə yetirə bilirlər. Lakin, çox ağır fiziki fəaliyyətlərlə məşğul olanlar (idmançılar və s) üçün, təqribən 20-50 kiloqram və ya daha çox yük qaldırılması zaman tələb edir, belə ki, bu vaxt bir neçə həftə və ya daha uzun çəkə bilər.