Ani Əzələ Daralmalarını Necə Müalicə Etmək Olar?
fizyoterapi.az
1 Aprel 2025

Əzələ daralmaları– həmçinin “charley horse”, əzələ krampı və ya əzələ səyirməsi kimi də tanınır, bir və ya bir neçə əzələdə qəfil və qeyri-iradi hərəkətlərin baş verməsinə verilən addır. Əsas səbəblər arasında stres, fiziki məşq və susuzluq yer alır, lakin sinir sistemi pozğunluqları və qalxanabənzər vəz problemləri də risk faktorlarına daxildir.
Əzələ spazmları çox geniş yayılmışdır. Bu əlamətlər bədənin istənilən hissəsində baş verə bilər, lakin daha çox aşağıdakı nahiyələrə təsir göstərir:
- Əllər
- Ayaqlar
- Qollar
- Budlar
- Qarın əzələləri
Ani Əzələ Daralmalarının Səbəbləri: Əzələ Spazmının Xüsusiyyətləri
Əzələ ağrısı, yorğunluq əzələ spazmlarının ən çox rast gəlinən səbəblərindəndir. Digər səbəblərə stres və ya narahatlıq daxildir ki, bu da üz əzələlərində səyirməyə səbəb ola bilər. Sıxılmış sinirlər isə bel nahiyəsində spazmlara yol açır. Ani əzələ daralmalarının( əzələ spazmı) digər xüsusiyyətləri isə aşağıdakı kimidir:
Qəfil və qeyri-iradi əzələ yığılması – Əzələ gözlənilmədən sıxılır və nəzarət olunmaz bir daralma hissi yaranır.
Ağrı və narahatlıq – Spazm zamanı və ya sonra əzələdə ağrı və narahatlıq hiss edilir.
Əzələnin tərpənirmiş kimi hiss olunması – Sanki əzələ öz-özünə sıçrayır və ya titrəyir.
Əzələ tamamilə qıcolmuş kimi hiss olunması– Bu zaman ayaqları tərpətmək mümkün olmur və həmin əzalarda donuqluq hissiyyatı hiss olunur.
Hərəkət məhdudiyyəti – Spazm baş verdikdə həmin nahiyədə hərəkət çətinləşə və ya mümkün olmaya bilər.
İynə-batma (pins-and-needles) hissi – Xüsusilə sinir sıxılması səbəbindən baş verən spazmlarda əzələdə keylik və ya qarışqa gəzir kimi hiss yarana bilər.
Daha sonra davam edən ağrı – Spazmdan sonra həmin əzələ bir müddət həssas və ağrılı qala bilər.
Davamlılıq müddəti – Spazm bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər.
Əzələ Spazmı Nevroloji Xəstəliklərin Əlaməti Kimi
Əgər əzələ spazmı nevroloji bir xəstəliyin əlamətidirsə, bu zaman şəxs adətən digər simptomları da yaşayır. Bu simptomlar aşağıdakılar ola bilər:
- Bel, boyun və ya baş ağrısı
- Əzələ zəifliyi
- Dərinin keyləşməsi
- İynə-batma (pins-and-needles) hissi
- Əsmə (tremor)
- Koordinasiya pozğunluğu
- Yavaş hərəkət etmə
- İkiqat görmə
- Yuxu problemləri
Əzələ Spazmları ilə Bağlı Nə Zaman Həkimə Müraciət Edilməlidir?

Əzələ spazmları, səyirmələri və kramplar adətən narahatlıq üçün ciddi səbəb deyil. Müntəzəm idman edən insanlar və idmançılar bu halları daha tez-tez yaşayır.
Lakin bəzi hallarda əzələ spazmları əsaslı bir sağlamlıq probleminin əlaməti ola bilər. Bu xəstəliklər arasında multipl skleroz, qalxanabənzər vəzi xəstəlikləri və qaraciyər sirrozu kimi ciddi xəstəliklər ola bilər. Bundan əlavə, spazmlar aşağıdakı problemlərlə əlaqəli ola bilər:
- Qidalanma
- Qan dövranı
- Metabolizma
- Sinir sistemi
- Hormon disbalansı
Əgər bir şəxs mütəmadi olaraq şiddətli və ya ağrılı əzələ spazmları yaşayırsa, həkimə müraciət etməsi tövsiyə olunur.
Əzələ Daralmalarında (əzələ spazmlarında) Diaqnoz Necə Qoyulur?
Həkim adətən pasiyentin simptomlarının tam tarixçəsini və fiziki müayinəsini nəzərdən keçirdikdən sonra əzələ spazmının(əzələ daralmasının) diaqnozunu müəyyənləşdirir. Həkim aşağıdakı məlumatları pasientindən soruşa bilər:
- Ağrının nə zaman başladığı
- Əzələ spazmlarının nə qədər davam etdiyi
- Hansı periodlarla baş verdiyi
- Hansı əzələlərin təsirləndiyi
- Spazmlar daim eyni əzələlərdə baş verir, yoxsa fərqli əzələlərə təsir göstərir
- Spazmların yaranmasına səbəb ola biləcək hallar və vəziyyətlər
Bundan əlavə, pasientin şəxsi və tibbi tarixçəsi (məsələn, peşəsi, hobbiləri, irsi xəstəliklər tarixi) spazmlara səbəb ola biləcək amilləri həkimə xəstəliyin səbəbini müəyyənləşdirməyə kömək edir. Əgər pasientin tibbi tarixçəsi və fiziki müayinəsi əzələ spazmlarını diaqnoz etmək üçün kifayət etmirsə, həkim əlavə testlər təyin edə bilər:
- Qan analizləri – Natrium, kalium, kalsium və maqnezium səviyyələrini yoxlamaq
- Kreatin fosfokinaz (CPK) testi – Əzələ parçalanmasını aşkar etmək üçün istifadə olunur. Əgər spazmlar uzun müddət davam edirsə, əzələ zədələnə və CPK səviyyəsi arta bilər.
Əgər damar sərtliyi ilə bağlı narahatlıq varsa, həkim qan damarlarının daralıb-daralmadığını yoxlamaq üçün aşağıdakı testləri təyin edə bilər:
- Ultrasəs və ya maqnit rezonans tomoqrafiya (MRT) – Qan damarlarının vəziyyətini qiymətləndirmək üçün.
- Kompüter tomoqrafiya (KT) angiografiyası – Qasıq və ya bilək arteriyasına kontrast maddə yeridilərək damarların qan axını yoxlanılır.
Son olaraq, əzələlərin elektrik stimulyasiyasına reaksiyasını ölçmək üçün elektromioqrafiya (EMQ) testi tətbiq edilə bilər. Bu test multipl skleroz (MS), amiotrofik lateral skleroz (ALS) və digər sinir sistemi xəstəliklərini istisna etmək üçün istifadə olunur, çünki bu xəstəliklər əzələ spazmlarına da səbəb ola bilər.
Əzələ Spazmlarının Müalicəsi
Əzələ spazmları adətən öz-özünə keçib gedir. Onların tamamilə dayanması bir neçə saniyə və ya bir neçə dəqiqə çəkə bilər, lakin çox vaxt xüsusi müalicəyə ehtiyac olmur. Susuzluqla bağlı əzələ kramplarının aradan qaldırılması üçün isə su içmək kömək edə bilər.
Ağrılı bir kramp yaşayan şəxs ağrını azaltmaq üçün bir neçə üsul sınaya bilər. Amerikan Osteopatik Assosiasiyası aşağıdakıları tövsiyə etmişdir:
- Spazma səbəb olan fəaliyyəti dayandırmaq – məsələn, qaçışı dayandırmaq
- Kramp olan əzələni yumşaq şəkildə masaj etmək və ya dartmaq
- Gərgin əzələləri rahatlatmaq üçün isti kompres (isitmə yastığı) tətbiq etmək
- Ağrıyan əzələləri sakitləşdirmək üçün buz torbası qoymaq
Əzələ Spazmı Zamanı Hansı Masaj Üsulları Tətbiq Edilməlidir?
Dairəvi masaj (Kneading Massage)
Ən çox istifadə olunan texnikadır, xüsusilə boyun, çiyin, ayaq və bel əzələləri üçün effektivdir.
- Barmaqlar və ya ovuclarla əzələyə dairəvi hərəkətlərlə yüngül təzyiq tətbiq edilir.
- Əgər spazm olan əzələ böyükdürsə (məsələn, bud və ya bel əzələsi), ovuclarla daha geniş hərəkətlər etmək olar.
- Əgər spazm kiçik bir əzələdədirsə (məsələn, baldır və ya əl əzələsi), barmaqlarla yüngül basınc tətbiq edilə bilər.
- 5-10 dəqiqə bu hərəkəti davam etdirmək spazmın azalmasına kömək edə bilər.
Təzyiq və Sıxma (Trigger Point Massage)
Xüsusilə dərin spazmlar və ağrılı düyünlər (nöqtələr) üçün istifadə olunur.
- Barmaqlar və ya baş barmaqla ağrılı və spazm olan nöqtəyə təzyiq edilir.
- Təzyiq 15-30 saniyə saxlanılır, sonra buraxılır.
- Eyni nöqtəyə bir neçə dəfə bu prosesləri təkrarlamaq əzələnin rahatlamasına kömək edir.
Dartma və Uzatma Masajı (Stretching Massage)
Əzələnin elastikliyini artırmaq və spazmı azaltmaq üçün istifadə olunur:
- Masaj edərkən spazm olan əzələ yavaş-yavaş dartılır.
- Məsələn, baldır spazmında, ayaq barmaqlarını yavaşca önə doğru dartmaq əzələnin rahatlamasına kömək edir.
- Bud və arxa ayaq əzələlərində spazm varsa, ayağı düz uzadaraq barmaqları yuxarı doğru qaldırmaq və ya ayağı bir qədər önə dartmaq faydalıdır.
Əgər əzələ spazmları nevroloji bir xəstəliklə bağlıdırsa, həkimlər antispazmotik dərmanlar (spazm əleyhinə dərmanlar) təyin edə bilərlər. Fizioterapevt həkimlərə də müraciət edərək, müxtəlif hərəkətlər əsasında müalicə planı tərtib etmək mümkündür. Sağlamlığınızı etibarlı əllərə əmanət edin!