Serebral iflic nədir? Müalicəsi necədir?

serebral iflic
Serebral iflic

Serebral iflic (SP) 5 yaşa qədər baş verən beyin zədələnməsi nəticəsində yaranan klinik bir vəziyyətdir. Serebral iflicin vəziyyəti zədələnmənin dərəcəsindən və onun yerindən asılı olaraq dəyişə bilər. Oksigen çatışmazlığı, beyin zədələnməsi, infeksiyalar serebral iflicin səbəbləri arasındadır. Simptomlar bəzən yüngül olub hiss edilməyə bilər. Lakin bəzi hallarda oynaqlar sərtləşə və bədən üzvləri əhəmiyyətli dərəcədə hərəkətlilik qabiliyyətini itirə bilər. Serebral iflicin dəqiq bir müalicəsi yoxdur. Lakin fizioterapiya, loqopediya, bəzən dərman və ya cərrahiyyə xəstələrə kömək edə bilər.

Serebral iflic nədir?

Serebral sözü beyin deməkdir. Serebral iflic əsasən insanın əzələ tonusuna və hərəkətlilik qabiliyyətinə təsir edən problemdir. Bədənin koordinasiyalı hərəkətinə maneə törədir. O, həmçinin nəfəs alma, sidik kisəsi və bağırsaqlara nəzarət, yemək və danışmaq kimi əsas bacarıqlara da təsir göstərə bilər.

Beyin baş verən zədədən sonra hələ də inkişafını davam etdirə bilir. Simptomlar körpəlikdə və məktəbəqədər yaşda özünü göstərməyə başlayır. Anormal reflekslər, bədənin boşalması, gövdə və ətraflarda sərtlik, duruş və yeriş pozğunluqları serebral iflicli uşaqlarda görülə bilən əlamətlər arasındadır.

Serebral iflic neçə yaşda baş verir?

Serebral iflic bir çox hallarda görmə, eşitmə və toxunma ilə bağlı problemlər də yaradır. Bu problem xəstəlik sayılmır. Əzələ hərəkətlərini idarə edən beynin zədələnməsi nəticəsində yaranan simptomlar qrupudur. Serebral iflicli uşaqların udma prosesində və göz əzələlərində də problemlər olur. Göz əzələlərini koordinasiyalı şəkildə işlədə bilmədiklərinə görə hər hansı bir obyektə fokuslanarkən problem yaşayırlar. Serebral iflicdə əzələlərin fəaliyyətində və fiziki fəaliyyətdə məhdudiyyət qalıcıdır. Serebral iflic irəliləmir və problemin qaynağı olan beyin zədəsi körpə hələ ana bətnində olarkən də baş verə bilər. Bu problemlərlə yanaşı, serebral iflicli şəxslər epilepsiya, qidalanma və ünsiyyət problemləri də yaşaya bilərlər.

Serebral iflicin səbəbləri nələrdir?

Serebral iflic uşaqlıqda əlilliyin əsas səbəblərindən biridir. Bu problem təxminən hər 1000 doğulan uşağın 2-sində aşkar edilə bilər. Vaxtında doğulan körpələrə nisbətən vaxtından əvvəl doğulan körpələrdə risk daha yüksəkdir. Ana bətnində qalma müddəti və körpənin çəkisi azaldıqca serebral iflic olma riski də artır. Xüsusilə çəkisi 1,5 kiloqramdan az olan körpələrdə serebral iflic riski 15%-ə qədər arta bilər.

Serebral iflic bir çox müxtəlif növ beyin qüsurları və ya zədələnməsi nəticəsində yarana bilər. 15-20% hallarda doğuşdan qısa müddət əvvəl, doğuş zamanı baş verən problemlər də buna səbəb ola bilər. Bu problemlərə doğuş zamanı oksigen çatışmazlığı, infeksiyalar və beyin travmaları daxildir. Hamiləlik dövründə məxmərək, toksoplazma, Zika virusu və ya sitomeqalovirus infeksiyaları bəzən serebral iflicə səbəb olur. Gen anormallıqları beyində struktur pozğunluqlarına da səbəb ola bilər ki, bu da serebral iflici yaradan səbəblərdəndir. Vaxtından əvvəl doğulmuş körpələr bu problemə qarşı xüsusilə həssasdırlar. Bu körpələrin beyninin bəzi yerlərindəki qan damarları tam inkişaf etmir. Yeni doğulmuş körpələrdə sarılıq yaradan qanda yüksək bilirubin səviyyəsi beyin zədələnməsinə səbəb ola bilər. Kernikterus serebral iflicin mühüm səbəblərindən biridir.

Serebral iflic doğuş zamanı yaranırmı?

Menengit (beynin selikli qişasının iltihabı), ağır sepsis, zədələr və həyatın ilk iki ilində müşahidə olunan ağır dehidrasiya kimi problemlər beyni zədələyə və sonradan serebral iflicə səbəb ola bilər. Körpəlik dövründə yol qəzaları, yıxılma və ya titrəmə nəticəsində yaranan travmalar serebral iflicin digər səbəbləridir. Bu risk faktorları ilə yanaşı, ana bətnində körpənin inkişafını məhdudlaşdıran intrauterin şiş, hamiləlik zamanı ananın narkoloji maddə istifadəsi, preeklampsi, mekonium aspirasiyası və hipoqlikemiya (qan şəkərinin aşağı olması) kimi müxtəlif faktorlar da risk olaraq qəbul edilir. 

Serebral iflicin səbəblərini aşağıdakı kimi ümumiləşdirmək olar: 

Doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonra.

Doğuşdan əvvəl serebral iflicin səbəbləri

Müxtəlif faktorlar ana bətnində olan körpələrin beyin zədələnməsinə səbəb ola bilər. Anadangəlmə beyin qüsurları və müxtəlif xromosom pozğunluqları körpənin gələcəkdə beyin inkişafında anormallıqlara səbəb olur. Struktur pozğunluqları ilə yanaşı, körpənin bu dövrdə yaşaya biləcəyi insult və yoluxucu xəstəliklər də serebral ifliclə nəticələnə bilər.

Doğuşa yaxın və doğuş zamanı baş verən serebral iflicin səbəbləri

Bu dövrdə uşağın beyin damarlarında problem yaranarsa, beyin toxuması qida və oksigen dəstəyindən məhrum ola və zədələnə bilər, bu da serebral iflicin başlıca səbəblərindəndir. Mərkəzi sinir sistemi infeksiyaları, insult və sarılığın səbəb olduğu Kernikterus da bu dövrdə serebral iflicin digər səbəbləri arasındadır.

Doğuşdan sonrakı dövrdə serebral iflicin səbəbləri

Doğuşdan sonra körpənin başının zədələnməsi, beynin oksigensiz qalmasına səbəb olan vəziyyətlər və digər dövrlərdə olduğu kimi insult və infeksiyalar serebral ifliclə nəticələnə bilər.

Serebral iflicin əlamətləri nələrdir?

Serebral iflic əlamətləri insandan insana və yüngüldən şiddətə doğru dəyişir. Bəziləri yeriməkdə və oturmaqda, bəziləri isə əşyaları tutmaqda çətinlik çəkə bilərlər. Simptomlar zamanla daha da şiddətlənə və ya yüngülləşə bilər. Bundan əlavə, beynin təsirlənmiş hissəsindən asılı olaraq müxtəlif simptomlar yaranır.

Ən çox görülən simptomlar aşağıdakılardır:

  • Yuvarlanmaq, tək oturma və ya sürünmə kimi əsas bacarıqların inkişafında gecikmələr
  • Əzələ toxumasında həddindən artıq sərtlik və ya əzələ tonusunda dəyişikliklər
  • Nitqin inkişafında gecikmələr və danışmada çətinlik
  • Spastisite adlanan əzələ sərtliyi və ifrat reflekslər
  • Ataksiya adlanan zəif əzələ koordinasiyası
  • Tremor və qeyri-iradi hərəkətlər
  • Tez-tez yıxılma
  • Udmaqda çətinlik
  • Bədənin bir tərəfinə üstünlük vermək, məsələn, həmişə əşyaları eyni əllə tutmaq
  • Tutmalar, zehni çatışmazlıqlar və görmə qabiliyyətinin itirilməsi kimi nevroloji problemlər

Serebral iflic olan uşaqlar yeriyə bilərmi?

Cəmi 5 səviyyəsi olan serebral iflicdə səviyyənin artması uşağın hərəkət qabiliyyətinin itirilməsindən xəbər verir. 1-ci səviyyə serebral iflic xəstələri rahat yeriyirlər. 2-ci dərəcəli xəstələr uzun məsafələri gəzə bilər, lakin qaçış və tullanma kimi hərəkətlər üçün müxtəlif köməkçi cihazlara ehtiyac duyurlar. 3-cü səviyyə serebral iflic xəstələri kiçik dəstəklə oturub dura bilirlər. Bu uşaqlar evdə gəzərkən əsa və digər köməkçi vasitələrdən istifadə etməlidirlər. Kənarda rahat hərəkət etmələri üçün əlil arabasına ehtiyac yarana bilər. 4-cü dərəcəli serebral iflic olan uşaqlar yalnız texnoloji yardımçı vasitələrlə yeriyə bilərlər. Bu dərəcədə olan uşaqların oturmaq üçün köməyə ehtiyacı olur. 5-ci səviyyə serebral iflicli uşaqlar baş və boyun mövqelərini saxlamaq, oturmaq və durmaq üçün dəstəyə ehtiyac duyurlar.

Serebral iflicin hansı növləri var?

SPASTİK SEREBRAL İFLİC

Serebral iflicli insanların təxminən 80%-ni təşkil edən növdür. Əzələlərdə sərtliyə, ifrat reflekslərə və hərəkət etməkdə çətinliyə səbəb olur. Spastik serabral iflici olan bir çox insan dizlərini əyir və ya gəzərkən ayaqlarını qayçı kimi hərəkət etdirirlər.  

ATENOİD SEREBRAL İFLİC

Bu növ iflic olan insanlar bədən hərəkətlərini idarə etməkdə çətinlik çəkirlər. Xəstəlik qollarda, ayaqlarda və əllərdə qeyri-iradi, anormal hərəkətlərə səbəb olur. Bəzi hallarda üz və dil də təsirlənir. Xəstə yeriyərkən, oturarkən, yemək udarkən və danışarkən çətinlik çəkir. 

HİPOTONİK SEREBRAL İFLİC

Hipotonik tip əzələ tonusunun azalmasına və həddindən artıq boş əzələlərə səbəb olur. Bu iflici olan körpələr başlarını rahat hərəkət etdirə bilmir və nəfəs almaqda çətinlik çəkirlər. Həmçinin danışma və yemək zamanı problem yaşayırlar. 

ATAKSİK SEREBRAL İFLİC

Bu tip iflici olanlar müvazinətini saxlaya bilmirlər. Ən az yayılmış növdür. Yeriyərkən, əşyaları tutarkən və yazı yazarkən çətinlik çəkirlər.

QARIŞIQ TİP SEREBRAL İFLİÇ

Bəzi insanlarda müxtəlif simptomlar birlikdə müşahidə olunur. Buna qarışıq serebral iflic deyilir. Əksər hallarda spastik və atetoid formaların birləşməsindən yaranır.

Serebral İflic Necə Müalicə Olunur?

Serebral iflicin dəqiq bir müalicəsi yoxdur. Müalicənin məqsədi məhdudiyyətləri yaxşılaşdırmaq və ağırlaşmaların qarşısını almaqdır. Serebral iflicli uşaqlar və böyüklər uzunmüddətli müalicəyə ehtiyac duyurlar. 

Serebral iflicin müalicəsində multidissiplinar yanaşma mövcuddur. Dərman müalicəsi, fizioterapiya, peşə terapiyası (ergoterapiya), loqopedik, xüsusi təhsil və lazım gəldikdə botoks və ya cərrahi müalicələr tətbiq edilir.

Pediatr: Müalicə planını hazırlayır və tibbi yardıma nəzarət edir.

Uşaq nevroloqu: Beyin və sinir sistemi xəstəlikləri olan uşaqlara diaqnoz qoymaq və müalicə etmək üçün təlim keçmiş həkimdir. Serebral iflicli uşaqların baxımı və müalicəsi ilə məşğul ola bilər.

Ortoped: Əzələ və sümük xəstəliklərini müalicə edir

Fizioterapevt: Serebral iflicli uşaqların əzələlərini gücləndirməyə və yerimə bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Peşə terapevti: Uşaqlara özünə qulluq bacarıqlarını inkişaf etdirir və gündəlik fəaliyyətlərdə kömək edən adaptiv məhsullardan istifadə etməyi öyrədir.

Dil və loqoped: Nitq və udma problemi olan uşaqlara dəstək verir.

Xüsusi təhsil müəllimi: Uşaqlarda yaşa uyğun davranışları və sosial bacarıqları inkişaf etdirməyə kömək edir. Öyrənmə qüsurlarını həll edir, təhsil ehtiyaclarını müəyyən edir və müvafiq təhsil resursları ilə təmin edir.

Serebral iflicdə fiziki müalicə metodları

Doğuşdan sonrakı ilk 1-2 il ərzində fizioterapevtlər və peşə terapevtləri baş və gövdə nəzarətinə, yerimə və tutma kimi hərəkətlərin öyrənilməsinə dəstək verirlər.

Serebral iflicdə əzələ daralmasının aradan qaldırılması

Estetik sahələrdə istifadəsi ilə önə çıxan botoks serebral iflicin müalicəsində də istifadə edilə bilər. Botoks əzələlərdə həddindən artıq sıxılma nəticəsində yaranan sərtliyi aradan qaldırmaq üçün istifadə olunur. Botoks daralma nəticəsində yaranan sıxıntıları aradan qaldıraraq xəstələri rahatlaşdırır. Bunun nəticəsində əzələlərin funksionallığı artır. Dəqiq bir müalicəsi olmayan bu problemin erkən diaqnozu və müalicəsi fərdin həyat keyfiyyətində müsbət dəyişikliklər yaradır. Buna səbəblə, uşağınızda bu problemin əlamətlərini hiss edirsinizsə, mütəxəssislərdənkömək almağınız tövsiyə olunur.