Skolioz (onurğanın əyriliyi) nədir? Simptomlar və müalicə üsulları hansılardır?

skolioz (onurğa əyriliyi)
Skolioz

Skolioz nədir?

Skolioz onurğa sütunu deformasiyaları arasında ən çox rast gəlinən və proqressiv mərhələlərdə son dərəcə ciddi duruş pozğunluqlarına səbəb olan üçölçülü onurğa deformasiyasıdır. Bu deformasiya onurğanın struktur qüsuruna görə və ya onurğaya aid olmayan səbəblərə görə inkişaf edə bilər.

Struktural olmayan skolioz adətən zamanla və ya skolyozun əsas səbəbi aradan qaldırıldıqda sonra qismən yox olur. Struktural skolioz adətən idiopatik şəkildə baş verir, lakin sinir-əzələ xəstəlikləri, birləşdirici toxuma pozğunluqları, infeksion və ya neoplastik vəziyyətlər, neyrofibromatoz, degenerativ və revmatik xəstəliklər, metabolik pozğunluqlar və müxtəlif travmatik təsirlər də onurğanın struktural əyriliyinə səbəb ola bilər.

İdiopatik Skolioz anadangəlmədirmi?

Onurğanın struktural əyriliyinə səbəb olan faktorun bilinmədiyi skolioz idiopatik skolioz adlanır və bütün skolioz növlərinin təxminən 80%-i bu qrupdadır. Uşaqlıqda sürətli böyümə dövründə birdən çox faktorla meydana gəldiyi düşünülən bu kompleks onurğa patologiyası adətən ağrısız və asemptomatikdir. Buna görə də aşkar etmək çox çətindir. Erkən dövrdə aşkarlanmayan skolioz irəliləyən hallarda kəskin və ya xroniki kürək və bel ağrılarına səbə olur, ürək və ağciyər fəaliyyəti pisləşir, fiziki hərəkət məhdudiyyəti müşahidə olunur. Kosmetik qüsura görə depressiya riski artır və insanın həyat keyfiyyəti çox pisləşir. Şiddətli əyriliklərdə ani ölüm riski yüksəkdir.

Skoliozun səbəbi nədir?

Hər 100 sağlam uşaqdan 3-ündə rast gəlinən idiopatik skoliozun səbəbi tam açıqlanmayıb. Bununla belə, xəstəliyin baş verməsi ilə əlaqəli bəzi amilləri aşağıdakı kimi sıralamaq olar:

  • Onurğada struktur elementlərin işləməsi
  • Sinir-əzələ strukturları necə işləyir
  • Posterior kolon disfunksiyası kimi müəyyən xəstəliklərin olması
  • Hormonal amillər
  • Biomexaniki amillər
  • Cins, inkişaf xüsusiyyətləri, genetik meyl kimi anadangəlmə xüsusiyyətlər
  • D vitamini çatışmazlığı
  • Qeyri-sağlam yemək vərdişləri
  • Sosial-iqtisadi vəziyyət
  • Onurğada asimmetrik yüklənmə tələb edən işlərdən işləmək

Uşaqlarda skolioz nə qədər yayğındır?

İdiopatik skolioz əyriliyin müşahidə olunduğu yaşa görə 3 qrupa bölünür: infantil (0-3 yaş), yuvenil (3-10 yaş) və adolesan (10 yaş və yuxarı) skolioz. İnfantil skolioz 1% nisbətində olduqca nadir görülür. Təxminən yetkinlik yaşında baş verən  adolesan skoliozu, bütün skolioz hallarının təxminən 90% -dən çoxunu təşkil edir.

Skoliozun əlamətləri hansılardır?

Skolioz uzun müddət heç bir simptom olmadan irəliləyə bilər. Adətən ağrıya səbəb olmur və əksər hallar başqa səbəblərdən çəkilmiş rentgenoqrafiyada təsadüfən aşkar edilir. Ancaq hamstring əzələlərində elastiklik itkisi, onurğanın əyilmə qabiliyyətinin azalması, qarın və bel əzələlərində zəiflik olan insanlarda bəzi fiziki fəaliyyətlər nəticəsində şiddətli bel ağrıları yarana bilər.

Bununla belə, onurğanın döş qəfəsi ilə əlaqəsini nəzərə alsaq, şiddətli əyriliyi olan insanlar skolioza bağlı döş qəfəsi deformasiyaları səbəbindən səthi tənəffüs, təngənəfəslik və tənəffüs yolları infeksiyalarından şikayət edirlər. Proqressiv irəliləyən və müalicə olunmayan hallarda skolioz depressiv əhval-ruhiyyəyə və müxtəlif psixi xəstəliklərə qarşı həssaslığı artırır, onurğa sütununun 90°-dən yuxarı əyrilikləri isə qəfil ölümə səbəb ola bilir.

Skolioz necə müalicə olunur?

Erkən diaqnoz idiopatik skoliozun müalicəsində ilk addımdır. Erkən diaqnozla xüsusilə yeniyetməlik dövründə əyriliyin irəliləməsinin qarşısını almaq, onurğa sütununu optimal bucağına qaytarmaq və bununla da həm estetika, həm də duruşun yaxşılaşdırılması məqsəd qoyulur. İrəli dərəcə skolioz müalicələrinin məqsədi, ilk növbədə onurğada ağrı şikayətini azaltmaq, müşayiət olunan fiziki problemləri sağaltmaq və tənəffüs funksiyasını yaxşılaşdırmaqdir.

Uşaqlarda skolioz əməliyyatına üstünlük verilirmi?

Müalicəni planlaşdırarkən  yaş, cins, mövcud xəstəliklər, onurğa əyriliyinin dərəcəsi, əyriliyin istiqaməti və növü, skoliozun irəliləmə riski kimi bir çox faktorlar nəzərə alınmalıdır. Skoliozun müalicəsində ilk növbədə xüsusi idman proqramları kimi konservativ müalicə üsullarına üstünlük verilir. Yuxarı dərəcələrdə müalicəni dəstəkləmək üçün korsetlərdən istifadə oluna bilər. Ağır onurğa zədələrinin qarşısını almaq üçün hər bir pasiyent fərdi olaraq qiymətləndirilməli və pasiyentin klinik xüsusiyyətlərinə uyğun olaraq tətbiq olunacaq müalicə üsulları fərdi qaydada seçilməlidir.

Skoliozda onurğanın gücləndirilməsi

Skolioz üçün hazırlanmış idmanlar, onurğa sütununu gücləndirmək və əyriliyin irəliləməsini dayandırmaq üçün tətbiq edilən konservativ müalicə üsullarından biridir. Ən çox seçilən üsul, bədənin asimmetrik yük paylanmasını aradan qaldıraraq duruşu düzəldən üç ölçülü Schroth Metodudur. Hər bir pasiyentə görə fərdi hazırlanan bu metodda  onurğanın əyriliyinə uyğun olaraq və müxtəlif nəfəs texnikaları ilə dəstəklənən idmanlar sayəsində, təsirlənmiş bölgədəki əzələlərin elastikliyi artır, əzələ gücü, bədənin hərəkətliliyi və ümumi koordinasiya səviyyəsi dəstəklənir.

Müalicəvi idman hərəkətləri nədir?

Skolioz hərəkətləri başlanğıc səviyyəsindən Schroth texnikasını və skoliozla bağlı xüsusi idman hərəkətləri ilə tanış olan mütəxəssislərlə aparılmalıdır. İdman hərəkətlərini planlaşdırarkən onurğa əyriliyinin istiqaməti nəzərə alınır. Schroth üsulu ilə onurğanın əyriliyini düzəltmək üçün müəyyənləşdirilmiş hərəkətlər şəxsi plana uyğun olaraq müəyyən fasilələrlə təkrarlanmalıdır. Bu səbəblə pasiyent ilk mərhələdən fizioterapevtlə birgə işləməyə uyğunlaşmalıdır; müalicənin müvəffəqiyyətini artırmaq üçün müalicə planına ciddi şəkildə əməl etməlidir.

Skoliozda Korset istifadəsi

Müalicəvi idman hərəkətlərindən əlavə, korsetlərdən istifadə skoliozun müalicəsində ən çox seçilən üsullardan biridir. Müntəzəm idman hərəkətləri ilə dəstəklənən korsetlərin istifadəsi skolyozun müalicəsində cərrahi müdaxilə ehtiyacını xeyli azaldır. Əməliyyatdan sonrakı ağrıları idarə etməyə və onurğa funksiyasını dəstəkləməyə kömək edir.

Skoliozda cərrahi əməliyyat müalicəsi

İdman və korset kimi konservativ müalicə üsullarına baxmayaraq irəliləməsi davam edən, onurğa əyriliyi səviyyəsi 50°-dən yuxarı olan pasiyentlərdə cərrahi müalicə üsulundan istifadə edilir. Ən ciddi əməliyyatlardan biri olan skolioz əməliyyatından sonra müəyyən müddət ərzində yaxından izləmə lazımdır. Əməliyyatdan sonra insanın gündəlik həyat fəaliyyətlərinə qayıtması 3-4 həftə çəksə də, əməliyyatdan sonra 3-6 ay ərzində hər hansı bir fiziki fəaliyyəti həyata keçirmək mümkün olur. Bu gün yüksək müvəffəqiyyətli skolioz əməliyyatları həyata keçirilsə də, skolioz əməliyyatı səbəbiylə paraplegiya, artan kifoz, psevdoartroz, gec başlayan ağrı şikayətləri, həddindən artıq korreksiya, düz kürək sindromu, deformasiyanın artması, infeksiya və rotasiya deformasiyası kimi müxtəlif fəsadlar da yarana bilir.

Paylaşmaq :