fizyoterapi.az
10 Fevral 2024
Çiyin sıxılması çiyin oynağının nahiyəsində yumşaq toxumaların ağrılı şəkildə məhdudlaşdığı klinik sindromdur. Təsirə məruz qalan xəstələr ümumiyyətlə 40 yaşdan yuxarıdır və heç bir məlum travma olmadan davamlı ağrılardan əziyyət çəkirlər. Səbəb çiyin birləşməsində həddindən artıq stress və ya görünən əhəmiyyətsiz bir zədə ola bilər. Xəstələr qolu 70 ° ilə 120 ° arasında qaldırarkən, başın üstündə məcburi hərəkət edərkən və təsirlənmiş tərəfdə yatarkən ağrıları bildirirlər.
Tez-tez ev işləri görən qadınlarda daha çox görülən çiyin sıxılması həyat keyfiyyətinə mənfi təsir edən bir problemdir. Ortopedik müayinəyə gələn xəstələr arasında çiyin ağrısı diz və bel ağrılarından sonra ən çox görülən üçüncü şikayətdir. Çiyin sıxılması çiyin ağrısının əsas səbəblərindən biridir. Çiyin ağrısından şikayət edən xəstələrin 45-60 faizində impingement sindromu aşkar edilir. Bu patalogiya erkən müalicə olunmazsa, əzələlərin vətərlərində qismən və tam qalınlıqda yırtıqlar meydana gələ bilər. Nəticədə ağrı və hərəkət məhdudiyyəti getdikcə şiddətlənir və gündəlik həyat keyfiyyətini ciddi şəkildə pozur. Xəstə qolunu kürəyinə doğru hərəkət etdirə bilmir, gündəlik işləri yerinə yetirə bilmir. Tədricən qolun bütün hərəkətləri məhdudlaşır və ağrılı olur.
Çiyin sıxılması erkən diaqnoz qoyulduqda dərman müalicəsi, soyuq tətbiqi, çiyin hərəkətlərinin tənzimlənməsi və fiziki müalicə ilə problem aradan qaldırıla bilər. Ancaq müalicə gec aparılarsa çiyin əzələlərinin sıxılması nəticəsində yaranan vətər yırtıqları üçün cərrahi müdaxiləyə ehtiyac ola bilər.
Çiyin sıxılmasının ən çox görülən şikayəti qoldakı ağrıdır. Ağrı qəfildən, bəzən istirahət zamanı, bəzən hərəkətə görə gərginlikdən sonra və ya təkrar gərginlikdən sonra tədricən baş verə bilər. Qolu başdan yuxarı qaldırdıqda artan ağrı çiyin ön hissəsindən qolun yan tərəfinə yayılır. Çiyin sıxılması irəlilədikcə gecə ağrısı başlayır. Xəstə ağrıdan şikayətlə çiyin üstə uzana bilmir. Çiyin hərəkətləri də ağrı səbəbindən məhdudlaşdırılır və çiyin sıxılması irəlilədikcə qolun gücü azalır.
Konservativ və ya cərrahi müalicə qərarı ümumiyyətlə ağrının müddəti və şiddəti, funksional pozğunluq dərəcəsi və struktur zədələnmə dərəcəsi əsasında qəbul edilir.
İmpingement sindromu (çiyin sıxılması) ilkin mərhələdə dərman və idmanla müalicə edilə bildiyi üçün erkən müdaxilə vacibdir. Müalicə edilməzsə, çiyin sıxılması irəliləyə bilər və sıxılmış əzələlərdə meydana gələn tendon yırtıqları cərrahi müalicə tələb edə bilər.
Çiyin sıxılması zamanı ağrı yüngül səviyyədə başladığı üçün xəstələr ümumiyyətlə şikayətlərinə məhəl qoymur və ağrı gecə yatmağa mane olacaq səviyyəyə çatdıqda və ya demək olar ki, gündəlik funksiyalarını yerinə yetirə bilməyəndə həkimə müraciət edirlər. Bu vəziyyətdə xəstənin digər müalicə üsullarından faydalanmaq şansı yoxdur və yeganə çıxış yolu cərrahiyyədir. Odur ki, xəstələr qolunu başının üzərinə qaldıranda problem yarandıqda dərhal həkimə müraciət etməlidirlər. Erkən mərhələlərdə ilk müalicə ağrıya səbəb olan hərəkətləri, xüsusən də baş üstü hərəkətləri dayandırmaqdır.
İlk öncə soyuq tətbiqi və dərmanlarla ağrı və ödem qismən aradan qaldırılır, daha sonra hərəkətlik və gücü bərpa etmək ,ağrısız hərəkəti təmin etmək üçün fizioterapiya və reabilitasiya tətbiq edilir. Fizioterapiyada müalicənin məqsədi çiyin birləşməsinin ağrısız və güclü hərəkətini bərpa etməkdir. Bu müalicələrlə xəstələrin əksəriyyəti sağalır. Şikayətləri davam edən xəstələr üçün yeganə həll yolu cərrahiyyədir. Kiçik kəsiklər vasitəsilə edilən çiyin artroskopiyası ilə sıxılma aradan qaldırılır və lazım olduqda zədələnmiş vətərlər bərpa edilir.
Əvvəlcə fizioterapevt tərəfindən pasiyentdən anamnez alınır, fiziki müayinə olunur,lazım gələrsə US, rentgen, mrt, kt müayinəsinə yönləndirilir və diaqnoz dəqiqləşdirilir. Daha sonra patalogiyanin ağırlıq dərəcəsi, ağrı, hərəkət məhdudiyyəti nəzərə alınaraq individual yanaşma tətbiq olunur. Müalicədə elektroterapiya, manual mobilizasiya, reabilitasiya hərəkətləri, akupunktur terapiya tətbiq olunur.