Artroz (Sümük-oynaq xəstəliyi) və Müalicə Yolları
fizyoterapi.az
2 Oktyabr 2024
Osteoartrit (Artoz) xalq arasında daha çox “oynaq kirəclənməsi” kimi tanınır, lakin bu termin xəstəliyin əsl mahiyyətini düzgün izah etmir. Bu yazıda osteoartritin əslində oynaqların zaman keçdikcə aşınması nəticəsində yaranan degenerativ bir xəstəlik olduğuna və bununla bağlı yayılan yanlış məlumatlara toxunacağıq. Həmçinin patologiyanın düzgün müalicə yolları barədə məlumat verəcəyik.
Kirəclənmə və osteofitlər
Osteoartrit (Artroz), əsasən, oynaqlarda zamanla yaranan kiçik sümük çıxıntıları – osteofitlər ilə xarakterizə olunur. Bu osteofitlər oynağın yük daşıyan hissələrində əmələ gəlir və zamanla ağrıya və hərəkət məhdudiyyətinə səbəb olur. Cərrahi müdaxilələr zamanı bu sümük çıxıntıları təmizlənərək rahatlama təmin edilə bilər. Lakin, bu simptomlarla klinikaya müraciət edən pasientlərdə cərrahi müalicə hər zaman ilk seçim olmur.
Osteoartritin(Artoz) mərhələlərinə görə təsnifatı
Xəstəliyin şiddətinə əsasən, osteoartroz üç mərhələyə bölünür:
- Erkən Mərhələ: Bu mərhələdə oynaq qığırdağının qismən itkisi müşahidə olunur. Hələlik ciddi sümük dəyişiklikləri baş vermir və oynaqda tam aşınma yoxdur.
- Orta Mərhələ: Bu mərhələdə oynaq qığırdağının tamamilə, yaxud demək olar ki, tam itməsi baş verir. Lakin, bu mərhələdə də oynaqda irəliləyən sümük dəyişiklikləri və deformasiyalar hələ müşahidə edilmir.
- İrəliləmiş və ya Ağır Mərhələ: Bu mərhələdə artıq sümük-sümük təması baş verir, yəni oynaq qığırdağı tamamilə itmiş olur. Bununla yanaşı, oynaq deformasiya olur və əhəmiyyətli sümük dəyişiklikləri, osteofitlər (sümük çıxıntıları) yaranır.
Ostoeartritin(Artoz) müalicəsi hansı yollarla aparılır?
1.Dərman Müalicəsi:
– Ağrıkəsicilər: Asetaminofen kimi ağrıkəsicilər, yüngül ağrılar üçün istifadə edilə bilər.
– Qeyri-steroid iltihab əleyhinə dərmanlar (NSAİİ-lər): İltihab və ağrını azaltmaq üçün İbuprofen və ya Naproksen kimi dərmanlar təyin edilir.
– Kortikosteroid İnyeksiyaları: Şiddətli iltihab və ağrını azaltmaq üçün diz oynağına inyeksiya edilə bilər.
2.Fiziki Terapiya:
Oynaq hərəkətliliyini artırmaq, əzələ gücünü inkişaf etdirmək və tarazlığı təmin etmək üçün fiziki terapiya məşqləri tövsiyə olunur. Gəzinti, üzmə və velosiped kimi aşağı təsirli fəaliyyətlər diz üzərindəki təzyiqi azaldır.
3.Dəstək Cihazları:
– Dizliklər və ya əsa, oynağı dəstəkləmək və ağrını azaltmaq üçün istifadə edilə bilər.
– Ortopedik ayaqqabılar da oynağın üzərindəki təzyiqi azaltmaqda kömək edir.
4.Çəki Nəzarəti:
Artıq çəki, diz oynaqlarına əlavə təzyiq tətbiq edir. Çəki itirmək, oynağı rahatladır və osteoartritin (artroz) inkişafını yavaşlada bilər.
5.Cərrahi Müalicə:
İrəliləmiş hallarda cərrahi müdaxilə tələb oluna bilər.
– Artroskopiya: Dizdəki qığırdaq zədələnməsini təmizləmək və ya düzəltmək üçün kiçik cərrahi alətlərlə edilən bir prosedurdur.
– Diz Protezi: Diz oynağı tamamilə zədələnmişsə, oynaq protezi əməliyyatı edilə bilər. Zədələnmiş oynaq, süni bir oynaqla dəyişdirilir.
Osteoartritin(artroz) hansı oynaqlara daha çox təsir edir:
Osteoartrit (artroz) yalnızca dizdə deyil, bədənin müxtəlif oynaqlarında da ortaya çıxa bilən bir xəstəlikdir. Osteoartrit‘in (artoz) ən çox təsir etdiyi oynaqlar aşağıdakılardır:
1.Bud Oynağında Osteoartrit: (Koksartroz):
– Bud oynağı bədənin ən böyük oynaqlarından biri olduğu üçün osteoartritə tez-tez məruz qalır. Bud oynağında osteoartrit ağrı və sərtlik ilə özünü göstərir və yerimə çətinliyi, hərəkət məhdudiyyəti yarada bilər. Xüsusilə yaşlı insanlarda tez-tez müşahidə olunur.
2.Əldə Osteoartrit:
– Əl barmaqları və baş barmağın kök oynağı (karpometakarpal oynaq) osteoartritdən tez-tez təsirlənir. Əllərdə osteoartrit (artoz) barmaqlarda ağrı, sərtlik və şişkinlik kimi simptomlarla özünü göstərir. Zaman keçdikcə oynaqlarda deformasiyalar və hərəkət məhdudiyyəti yaranır.
3.Çiyin Oynağında Osteoartrit:
– Çiyin oynağı da osteoartritdən təsirlənə bilən vacib oynaqlardan biridir. Çiyində osteoartrit ağrıya, sərtliyə və qolu qaldırmada çətinliyə səbəb olur. Bu, xüsusilə çiyinin çox istifadə edildiyi fəaliyyətlərlə əlaqəli ola bilər.
4.Onurğa Osteoartriti (Spondiloartroz):
– Onurğadakı oynaqların osteoartriti “spondiloartroz” adlanır. Xüsusilə bel və boyun bölgəsindəki fəqərələr osteoartritin inkişafına meyillidir. Onurğa osteoartriti bel, boyun və bel ağrılarına, hərəkət məhdudiyyətinə, bəzən də sinir sıxışmasına bağlı olaraq ayaqlarda və ya qollarda keyimə və qıcolmalara səbəb ola bilər.
5.Ayaq Biləyi və Ayaq Oynaqlarında Osteoartrit:
– Ayaq biləyi və ayaq oynaqları da osteoartrit inkişaf edə bilən nahiyələrdəndir. Ayaqda osteoartrit, gəzintini çətinləşdirən ağrı və sərtlik ilə özünü göstərir. Ayaq və ayaq biləyi oynaqları xüsusilə artıq çəkiyə malik insanlarda daha çox təsirlənir.
6.Çənə Oynağı (Temporomandibular Oynaq) Osteoartriti:
– Çənə oynağında da osteoartrit inkişaf edə bilər. Bu vəziyyət, çənə hərəkətlərində ağrı və çeynəmə çətinliyi ilə nəticələnir. Temporomandibular oynağın osteoartriti nadir hallarda baş versə də, ciddi ağrıya səbəb ola bilər.
7.Diz Osteoartriti:
– Diz oynağı, bədənin ən çox osteoartrit (artroz) təsirinə məruz qalan bölgələrindən biridir. Yük daşıyan bir oynaq olduğu üçün xüsusilə yaşla birlikdə qığırdaqların aşınması nəticəsində dizdə ağrı, sərtlik və hərəkət məhdudiyyəti inkişaf edir.
8.Sakroiliak Oynaq Osteoartriti:
– Budun arxa tərəfində yerləşən sakroiliak oynağı da osteoartrit inkişaf edə bilən digər oynaqlardan biridir. Bu bölgədə ağrı, xüsusilə bel ağrısı və ayaqlara yayılan ağrı şəklində meydana gələ bilər.
9.Barmaq Oynaqları (Heberden və Bouchard Düyünləri):
– Barmaqların uc oynaqları (Heberden düyünləri) və orta oynaqları (Bouchard düyünləri) osteoartrit təsirinə məruz qala bilən bölgələrdir. Bu oynaqlarda osteoartrit, sərtlik, ağrı və oynaqda şişkinlik ilə özünü göstərir.
Osteoartrit bədənin müxtəlif oynaqlarında baş verə bilər və hər bir oynaqda simptomlar fərqli ola bilər. Lakin əsas xüsusiyyətlər arasında ağrı, sərtlik, oynaqda hərəkət məhdudiyyəti və bəzən şişkinlik yer alır. Osteoartritin təsir etdiyi bölgəyə bağlı olaraq, xəstələrin həyat keyfiyyəti və hərəkət qabiliyyəti böyük dərəcədə təsirlənə bilər.
Diz Osteoartritinin(Artoz): Simptomlar, Diaqnoz və Müalicə Seçimləri
Diz osteoartriti, xalq arasında “duzlaşma” kimi tanınan bir oynaq xəstəliyidir. Yaşa bağlı olaraq inkişaf edə bilər, lakin dizdəki mexaniki pozğunluqlar, cərrahi müdaxilələr və ya dizdə baş verən digər zədələnmələr nəticəsində də meydana gələ bilər. Bu xəstəlik diz oynağında ağrı, sərtlik və hərəkət məhdudiyyəti kimi simptomlarla özünü göstərir.
Simptomlar:
1.Diz Ağrısı:
Diz osteoartritinin ən əsas əlaməti diz oynağında ağrıdır. Bu ağrı, xüsusilə oynağın istifadəsi zamanı (gəzərkən, pilləkən çıxarkən) artır və istirahət zamanı azalır. İrəli mərhələlərdə ağrı daimi hal ala bilər.
2.Sərtlik və Hərəkət Məhdudiyyəti:
Diz oynağında sərtlik və hərəkət məhdudiyyəti osteoartritli insanlarda tez-tez müşahidə edilir. Xüsusilə səhərlər və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra diz oynağında tutulma hissi olur.
3.Şişkinlik və Həssaslıq:
Diz oynağında iltihablanma səbəbindən şişkinlik meydana gələ bilər və oynaqda həssaslıq yaranır. Bu vəziyyət oynağın hərarətinin artması ilə də özünü göstərə bilər.
4.Krepitasiya (Səs Gəlməsi):
Diz oynağını hərəkət etdirərkən çıtıltı və ya sürtünmə səsi eşidilə bilər. Bu səs, qığırdaq itkisi nəticəsində sümüklərin bir-birinə sürtülməsindən qaynaqlanır.
5.Gəzinti və Tarazlıq Problemləri:
İrəliləmiş diz osteoartriti, gəzinti çətinliyinə və natarazlığa səbəb ola bilər. Ağrı və sərtlik səbəbindən insan yerişi zamanı axsaya bilər.
Diz oynağının Artozu Zamanı Diaqnoz:
- Fiziki Müayinə:
Həkim, diz oynağının hərəkət genişliyini, şişkinliyi, həssaslığı və krepitasiya olub-olmadığını qiymətləndirir. Gəzinti pozuntuları və oynağın hərəkət məhdudiyyəti yoxlanılır.
- Görüntüləmə Yöntəmləri:
– Rentgen: Qığırdaq itkisi, sümük çıxıntıları (osteofitlər) və oynağın daralması kimi osteoartrit əlamətlərini göstərə bilər.
– MR: (Maqnit Rezonans): Qığırdaq zədələnməsini və oynaq içərisindəki digər yumşaq toxuma strukturlarının vəziyyətini daha dəqiq öyrənmək üçün istifadə olunur.
- Laboratoriya Testləri:
Qan testləri və ya oynaq mayesi analizi, digər oynaq xəstəliklərini (məsələn, revmatoid artrit) istisna etmək üçün edilə bilər.
Diz osteoartriti, həyat keyfiyyətini təsir edən və gündəlik fəaliyyətləri məhdudlaşdıran bir xəstəlikdir, lakin erkən diaqnoz və uyğun müalicə üsulları ilə simptomlar yüngülləşdirilə bilər. Müalicə, xəstənin ehtiyaclarına uyğun fərdiləşdirilməli və həyat tərzi dəyişiklikləri də bu prosesə daxil edilməlidir.
Artroz (Osteoartrit) Müalicəsində Alternativ Yollar
Müasir dövrdə osteoartrit (artroz) müalicəsində istifadə olunan bir çox dərmanlar mövcuddur. Bunlara qlükozaminqlikanlar və xondroitin-sulfat kimi oynaqların sağlamlığını dəstəkləyən həblər daxildir. Həmçinin, omega-3 və C vitamini kimi qida əlavələri də tez-tez tövsiyə olunan müalicə vasitələridir. Lakin, bu əlavələrin osteoartritin-digər adı ilə “duzalşma”nın üzərində təsiri məhduddur və bəzi hallarda elmi sübutlarla dəstəklənmir.
Xalq arasında isə bitki qarışıqlarının və müxtəlif təbii üsulların osteoartritə yaxşı təsir etdiyinə dair geniş bir inam var. Məsələn, alma sirkəsi və bamya toxumu kimi maddələrin oynaq sağlamlığına yaxşı təsir etdiyi iddia edilir. Lakin, bu kimi müalicə üsullarının heç bir elmi əsası olmadığı açıq şəkildə qeyd edilməlidir.
Elmi Əsaslı Müalicə Yolları
Osteoartrit (artroz) müalicəsində daha elmi yanaşmalar mövcuddur. Xüsusilə oynaqdaxili inyeksiyalar, xəstələrin ağrılarını yüngülləşdirmək və oynaq funksiyalarını yaxşılaşdırmaq üçün effektiv ola bilər. Viskosuplementasiya adlanan bu üsulda oynağa hialuron turşusu inyeksiyası edilir. Yüksək molekulyar çəkili hialuron turşusu preparatlarının daha effektiv olduğu bir çox elmi tədqiqatla dəstəklənmişdir.
Amerika Ortopediya Akademiyası tərəfindən yayımlanan məqalələrdə “duzlaşama”nın müalicəsində dəstəkçi həblərin məhdud təsiri olduğu vurğulanmışdır. Bu əlavələr xəstəliyin irəliləməsini qismən yavaşlada bilər, lakin tamamilə dayandıra bilməz. Buna görə də, osteoartrit artoz) xəstələrinin müalicə seçimlərini dəyərləndirərkən elmi sübutlara əsaslanmaları vacibdir.
Osteoartrit zamanı Manual terapiya necə kömək edir?
Manual tearpiya osteoartrit (artroz) kimi sümük-əzələ sistemi xəstəliklərində müalicə məqsədilə geniş istifadə edilən effektiv və faydalı bir metod kimi tanınır. Xüsusilə bud və diz osteoartriti olan xəstələr üçün bu terapiya ağrıların yüngülləşdirilməsi və funksional hərəkətliliyin artırılması üçün əhəmiyyətli bir rol oynayır. Bu məqalədə manual terapiyanın faydalarını və osteoartrit müalicəsindəki əhəmiyyətini vurğulamağa çalışacağıq.
● Ağrını Yüngülləşdirmə
Osteoartrit (artroz) zamanı ən çox şikayət olunan simptom oynaq ağrısıdır və manual terapiya bu sahədə böyük üstünlüklər təmin edir. Əllə tətbiq olunan manipulyasiya texnikaları ilə oynaq ətrafındakı sərtlik aradan qaldırılır və toxumaların rahatlanması təmin edilir. Bu proses qan dövranını artıraraq zədələnmiş toxumaların bərpasını sürətləndirir və ağrıların azalmasına kömək edir. Beləliklə, xəstələr daha az ağrı ilə gündəlik fəaliyyətlərinə davam edə bilirlər.
● Funksional Hərəkətliliyi Artırma
Manual terapiya, osteoartrit zamanı məhdudlaşan oynaq hərəkətlərini yaxşılaşdırmaq üçün ideal bir vasitədir. Oynaq mobilizasiyası və manipulyasiya texnikaları ilə oynaqların hərəkət diapazonu genişlənir. Bu, xüsusilə diz və bud oynaqlarında hərəkət məhdudiyyəti yaşayan xəstələr üçün çox vacibdir. Artan hərəkət qabiliyyəti, xəstələrin aktiv həyat tərzinə dönməsinə və hərəkət azadlığının bərpa edilməsinə şərait yaradır.
● Əzələ Gərginliyini Azaltma
Osteoartritli xəstələrdə tez-tez əzələlərdə gərginlik və spazmlar müşahidə olunur. Manual terapiya bu gərginliyi azaltmağa və əzələləri rahatlatmağa kömək edir. Bu, həm xəstənin daha rahat hərəkət etməsinə, həm də ümumi vəziyyətin yaxşılaşmasına səbəb olur. Əzələlərdə gərginliyin azalması ilə xəstələr daha ağrısız və daha rahat bir şəkildə fəaliyyət göstərə bilirlər.
● Qan Dövranını Yaxşılaşdırma
Manual terapiyanın digər bir mühüm faydası qan dövranını yaxşılaşdırmasıdır. Əllə tətbiq edilən texnikalar ilə toxumalara daha çox qan axını təmin olunur. Bu, toxumaların daha yaxşı oksigenlə təmin olunmasına və zədələnmiş hüceyrələrin daha sürətli bərpa olunmasına kömək edir. Yaxşılaşmış qan dövranı həmçinin oynaq ətrafındakı toxumaların iltihabının azalmasına və ümumi sağlamlığın yaxşılaşmas prosesinə töhfə verir.
● Gündəlik Həyat Keyfiyyətinin Yüksəldilməsi:
Manual terapiyanın osteoartritli xəstələr üçün ən vacib üstünlüklərindən biri gündəlik həyat keyfiyyətini artırmasıdır. Xəstələr, ağrılarının azalması və hərəkətliliyinin yaxşılaşması sayəsində gündəlik işlərini daha rahat şəkildə yerinə yetirə bilirlər. Bu terapiya, xəstələrin müstəqilliyini artırır və həyat keyfiyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.