fizyoterapi.az
18 Yanvar 2024
Texnologiyanın inkişafı iş yerlərindən tutmuş evlərimizə qədər bir çox cihazı həyatımıza daxil etdi. Bu cihazlardan biri də şübhəsiz ki, kompüterlərdir. Gün boyu kompüterdən istifadə etmək, masa arxasında işləmək, yanlış formada oturmaq bel və kürək ağrılarının artmasına səbəb olur. İdman etməklə və oturma formasına diqqət etməklə bu ağrıları müalicə etmək olur. Diqqət edilmədikdə gələcəkdə bel və boyun yırtığı kimi xroniki xəstəliklərə səbəb ola bilər.
Kompüterdən istifadənin artması ilə birlikdə masa arxasında keçirdiyimiz vaxt da artıb. Bu vəziyyət gündəlik fəaliyyətlərin və ya hərəkətlərin azalmasına və düzgün oturma mövqeyinin pozulmasına səbəb olur. Uzun müddət əyri formada oturub işləmək onurğanın fizioloji əyriliklərinə gətirib çıxarır. Yanlış duruş, zamanla bel-kürək nahiyəsindəki əzələlərin elastikliyini itirməsinə və zəifləməsinə, onurğanın fizioloji əyriliyinə və fəqərələr arasındakı disklərə təzyiqin artmasına səbəb olur. Nəticədə bel və kürək ağrıları yaranır, daha sonra boyun və bel disk yırtıqları əmələ gəlir.
Masa arxasında kompüter ilə iş zamanı tətbiq oluna biləcək 11 sadə metodla bel və kürək ağrılarının qarşısını almaq olar.
Başınızı dik tutun
Başınızı təbii vəziyyətindən uzaqda – irəli və ya geridə saxlamayın.
Klaviatura və siçan arasında məsafəni qısa saxlayın
İdeal olaraq bu iki avadanlıq yan-yana yerləşdirilməlidir. Dirsəklər 90 dərəcə bucaq altında olmalıdır. Klaviatura və siçan eyni səviyyədə yerləşməlidir.
Ayrıca klaviatura və siçan istifadə edin
Uzun müddətli noutbuk istifadəsi onurğanızda fizioloji əyriliyin pisləşməsinə səbəb olur. Laptopdan istifadə zamanı ideal duruşunuzu qorumaq üçün lazım olduqda ayrıca klaviatura və siçan istifadə etmək lazımdır.
Kompüterdən istifadə üçün ideal məsafənizi təyin edin
Monitorun bədəninizdən qol uzunluğunda və monitorun yuxarı hissəsinin göz səviyyəsində olması idealdır.
Oturacaq seçiminə diqqət yetirin
Oturacaq ən vacib elementlərdən biridir. Oturacaq seçərkən onun arxa dayağı olmasına və oturacaqla arxa dəstəyi arasında 95-105 dərəcə bucaq olmasına diqqət yetirilməlidir. Həm oturacaq, həm də arxa bölgə oturma mövqeyinizi dəstəkləməlidir. Kresloda qol dayaqları olmalıdır, lazım olduqda çıxarıla və quraşdırıla bilər və hündürlüyü tənzimlənməlidir. Oturma yerinin yumşaq yastıqlara malik olmasına diqqət yetirilməlidir. Bundan əlavə, oturacaq irəli-geri tənzimlənməli və öz oxu ətrafında dönməlidir.
Ayaqlarınızı dəstəkləyin
Diz və topuqlarınızdakı gərginliyi azaltmaq üçün ayaqlarınızı çiyin genişliyində açın və düz bir səthdə yerləşdirin.
Düzgün bucağı tapın
Ayağın alt hissəsi dizdən 90-110 dərəcə bucaq altında yerləşdirilməlidir. Başqa bir vacib məsələ, oturacaq hündürlüyü tənzimlənməsidir.
Uzun müddət ayaqlarınızı bir-birinin üstünə atmayın
Uzun müddət ayaqlarınız çarpaz vəziyyətdə oturduğunuzda dizin arxasında, ayağın altında yerləşən ayaq siniri olan peroneal sinirə təzyiq olunur, qan dövranı pisləşir. Bundan əlavə, bu oturuş əyilmələrə gətirib çıxarır.
Fasilə verin
İş zamanı ayağa qalxın və ən azı 45 dəqiqədən bir hərəkət edin, bir neçə onurğa, qol və ayaq gərmələri edin. Beləliklə, onurğa üzərinə düşən təzyiqi azaldacaq və qan dövranınızı sürətləndirəcəksiniz.
Bədəninizi gərin
İşləyərkən müəyyən fasilələrlə bədəninizi gərin. Beləliklə, düzgün duruşunuzu qoruyaraq günün qalan hissəsini daha sağlam keçirə bilərsiniz.
Telefondan düzgün istifadə edin
Eyni anda bir neçə iş görərkən telefonu çiyin və qulaq arasında tutmaq bir vərdişdir. Bu davranış onurğa sağlamlığına mənfi təsir göstərir. Boyun və bel ağrılarının səbəb olur. Telefon danışığı üçün qulaqlıq və ya dinamikdən istifadə edin.
Tags :