fizyoterapi.az
28 Oktyabr 2023
Bu gün sizlərə boyun ağrıları, boyun disk yırtığı üçün sadə hərəkətlər göstərəcəm. Bu hərəkətləri edərək, bütün ağrılarınızdan azad ola bilərsiniz. Hərəkətlərə keçmədən öncə, boyun ağrılarımızın səbəbi nədirsə, daha çox bunlar haqqında danışacam. İkinci olaraq, bu hərəkətləri edərək hansı əzələlərdə, hansı bölgədə ağrıların qarşısını ala bilərik bu haqda məlumat verəcəm.
İlk öncə, disk yırtığı boyunda yarandığı zaman həm boyun hissəsində, həm də qollarımıza doğru yayılan ağrılar ola bilər. İkinci olaraq, bu daha çox oturaq həyat tərzi keçirən insanlarda , masa başında işləyən insanlarda, fiziki işi daha çox olan insanlarda bu problemlərə rast gəlirik. Yanaşı olaraq, boynunuzdakı ağrılar eyni şəkildə başınıza da ağrı verə bilər. Çox vaxt miqren ağrıları ilə boyun səbəbilə yaranan ağrıları qarışdırırıq.
Boynumuzda disk yırtığı olub-olmadığını bilmək üçün boyun ağrıları ilə birlikdə orda bir sinir sıxılması varsa, bu qolumuza doğru yayılan bir ağrılar verəcəkdir. Eynilə, baş ağrıları da verəcək. Göstərəcəyim sadə hərəkətləri edərək, həmin ağrılardan azad ola bilərsiniz. İndi isə keçid edək, hərəkətlərə.
Birinci hərəkətimiz bu şəkildə rahat otururuq, sağ əlimizlə başımızdan tuturuq və çox güclü olmayacaq şəkildə boynumuzu sağa doğru dartırıq. Bu vəziyyətdə gözləyirik. Beş saniyə gözlədikdən sonra buraxırıq. İkinci olaraq, təkrar yenə edirik, bu şəkildə boynumuzu dartırıq. 5 saniyə saxlayırıq və buraxırıq. Bu hərəkəti 2 dəfə 15:15 təkrarlayırsınız.
Hər iki əlimizi başımızın arxasına doğru yerləşdiririk və boynumuzu önə doğru dartırıq. Boynunuzun arxa hissəsində yüngül dartılma hiss edəcəksiniz. Yenə 5 saniyə saxlayırıq və buraxırıq. 5 saniyə dincəldikdən sonra yenə boynumuzu önə doğru dartırıq və 5 saniyə sonra buraxırıq. Bu hərəkəti də 2 set 15:15 təkrar edirsiniz.
Üçüncü hərəkətimiz. Əlimizi çənəmizə doğru qoyuruq, boynumuzu geriyə doğru dartırıq. 5 saniyə saxladıqdan sonra təkrar buraxırıq. Yenidən boynumuzu geriyə doğru dartırıq, 5 saniyə gözləyirik, və buraxırıq. Bu göstərdiyim hərəkətləri, necə ki, sağa doğru dartırdıq indi isə sola doğru dartırıq. Hər iki tərəf üçün bu hərəkətləri edirik.
Bir sonrakı hərəkətimiz, daha çox boyun ətrafı əzələləri gücləndirmək üçün icra edilir. İndiyə qədər göstərdiyim 3 hərəkətlə boynumuzdakı əzələlərdə dartılma, gərilmə olurdu. İndi isə həmin bölgənin əzələlərini gücləndirmək üçün hərəkət edirik. Bu şəkildə otururuq. Əlimizi belimizə doğru qoyuruq. Başımız düz . Əlimizi başımıza söykəyirik və başımızla əlimizə doğru müqavimət göstərməyə çalışırıq. Sağa doğru əlimizi başımıza sıxırıq. 5 saniyə gözləyirik. Və buraxırıq . Burda diqqət etməli olduğumuz nöqtə, boynumuzun daha çox sağa və ya sola hərəkət eləməməyidi. Baş sabit qalır , əlimiz başımızın hərəkət eləməyinə icazə vermir və bu vəziyyətdə gözləyirik.
Bir sonrakı gücləndirmə hərəkətimiz isə, əlimizi alnımızın ortasına doğru qoyuruq, başımızı əlimizə doğru sıxırıq. Boynun arxa qrup əzələlərində bir yüklənmə hiss edəcəksiniz. 5 saniyə bu vəziyyətdə saxlayırıq və sonra buraxırıq. Bu hərəkəti də 15-20 dəfə təkrarlayırıq. Bu hərəkətləri ümumi göstərdiyim ardıcıllıqla etdiyiniz zaman boynunuzdakı ağrılardan azad ola bilərsiniz
Tags :