Diz ağrısı: səbəbləri və müalicəsi

diz ağrsı
Diz ağrısı

Diz ağrısının səbəbləri nələrdir?

Diz oynağı bədənimizdəki ən vacib oynaqlardan biridir. Gəzmək, qaçmaq, əyilib-qalxmaq və oturmaq kimi gündəlik həyatda etdiyimiz bir çox hərəkət zamanı dizlərimiz ən çox aktiv olan oynaqlardan biridir. Gün ərzində tez-tez istifadə edilən bir oynaq olduğu üçün zamanla zədələnmə ehtimalı kifayət qədər yüksəkdir. Diz sağlamlığımıza təsir edən və bir problemin olduğunu göstərən ən əhəmiyyətli simptom diz ağrısıdır.

Diz ağrısı hər yaşda insanı narahat edən yayılmış bir problemdir. Zədələnmə və burxulmalar, artrit, bağların qopması, oynaqların iltihabı və hətta artıq çəki kimi bir çox vəziyyət diz ağrısına gətirib çıxara bilir. Hər iki dizdə ağrı adətən artrit əlamətidir. Ancaq bir dizdə ağrı varsa, müxtəlif səbəbləri ola bilər. Ağrının yeri və şiddəti diz ağrısının səbəblərindən asılı olaraq dəyişir. Diz ağrısı ilə ortaya çıxan digər simptomlar arasında dizdə şişlik və sərtlik, qızartı, toxunduqda yanma hissi, səs, kilidlənmə və ya dizin tam açılmaması kimi şikayətlər ola bilər.

Diz ağrıları diqqətə alınmalı, səbəbi tam bilinməli və nəticədə lazımi müalicə tətbiq edilməlidir. Diz ağrısı kəskin və ya xroniki ola bilər və diz ağrısının səbəbindən asılı olaraq xəstə ağrını diz qapağında, dizin önündə və ya dizin arxasında hiss edə bilər.

Diz ağrısına səbəb ola biləcək vəziyyətlər aşağıdakı kimi ümumiləşdirilə bilər:

  • Osteoartrit
  • Oynaqların iltihabı (Revmatoid artrit)
  • Bursit
  • Podaqra
  • Tendinit
  • Osgood-Schlatter xəstəliyi
  • Patella çıxıqları
  • Çarpaz bağ yaralanmaları
  • Qığırdaq zədələnməsi
  • Artıq çəki
  • Menisk zədələnməsi
  • Patellofemoral ağrı sindromu
  • İdman zədələnmələri

Diz ağrısı riskini nə artırır?

  • Keçmişdə baş verən diz zədələnməsi dizin yenidən zədələnmə ehtimalını artırır.

  • Artıq çəki gündəlik hərəkətlər zamanı belə diz oynaqlarına təzyiqi artırır və dizlərdə ağrılara səbəb olur. Bu ağrılar və diz oynağına həddindən artıq yüklənmələr oynaq qığırdaqlarının deformasiyasını sürətləndirərək artrit riskini artırır.

  • Əzələ elastikliyi tam hərəkət qabiliyyətini təmin edir və güclü əzələlər oynaqları qoruyur və dəstəkləyir. Əzələlərdə elastiklik və ya gücün olmaması dizlərdə ağrı riskini artıra bilir.

  • Bəzi idman və peşələr digərlərinə nisbətən dizlərə daha çox yüklənmə verir, diz zədələnməsi və ağrı riskini artırır.

Diz ağrısının qarşısını necə almaq olar?

Diz ağrısının qarşısını almaq həmişə mümkün olmasa da, aşağıdakı tövsiyələr diz ağrısına səbəb olan xəsarətlərin qarşısını almağa kömək edə bilər:

  • Diz ağrısının qarşısını almaq üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biri bədən çəkisini normada saxlamaqdır. Hər əlavə kilo oynaqlarınıza əlavə yüklənmə yaradır və ağrı riskini artırır.
  • Diz ağrısının qarşısını almaq üçün daim hərəkət edin. Zəif əzələlər diz zədələnməsinin əsas səbəblərindən biridir. Dizlərinizi dəstəkləyəcək idmanlar haqqında həkiminizlə məsləhətləşin. İdmanlar diz oynağına çox yük verməməlidir.
  • İdmandan əvvəl və sonra mütləq gərmə hərəkətləri edin. Əzələləri gərmədən və isinmə hərəkətləri etmədən idmanla məşğul olmaq ağrılı zədələrə səbəb ola bilər.
  • Əgər dizdə əhəmiyyətli artrit varsa və yeriyərkən diz ağrısına səbəb olursa, baston kimi

Diz ağrısı müalicəsi

Diz ağrısı bir çox fərqli səbəbə görə baş verə bilər, buna görə də xüsusi bir müalicə planı təyin etmək üçün ağrının mənbəyini müəyyən etmək vacibdir. Diz ağrısının müalicəsi adətən aşağıdakı addımları əhatə edir:

  1. İstirahət: Diz ağrısı hiss edərkən diz oynağına istirahət vermək vacibdir. Ağrını artırabiləcək fəaliyyətlərdən qaçınmaq lazımdır.

  2. Qoruyucu ayaqqabılar və dizlikər: Diz ağrılarının qarşısını almaq və aradan qaldırmaq üçün uyğun ayaqqabılar istifadə edilə bilər. Bundan əlavə, dizləri dəstəkləmək üçün xüsusi dizliklər istifadə edilə bilər. 

  3. Çəkiyə Nəzarət: Həddindən artıq çəki dizlərdə əlavə yüklənmə yaratdığından çəkiyə nəzarət etməklə dizlərdəki yükü azaltmaq olar.

  4. Dərmanlar: Həkimin tövsiyə etdiyi reseptlə və ya reseptsiz satılan ağrıkəsicilər və iltihabəleyhinə dərmanlar ağrıları aradan qaldırmaq və iltihabı azaltmaq üçün istifadə edilə bilər.

  5. Diz inyeksiyaları: Bəzi hallarda həkimlər dizə kortikosteroid inyeksiyaları yeridə bilərlər. Bu inyeksiyaları iltihabı azaldır və ağrıları aradan qaldırır.

  6. Cərrahi müdaxilə: Diz ağrısı xroniki hala gəlirsə və ya digər müalicə üsulları təsirsizdirsə, cərrahi seçimlər nəzərdən keçirilə bilər.

Diz ağrısı müalicəsində fizioterapiya və reabilitasiya

Fizioterapiya diz ağrılarının müalicəsində çox istifadə edilən üsuldur. Fizioterapiya proqramları insanın spesifik vəziyyətindən və ağrının səbəbindən asılı olaraq tətbiq olunur. Fizioterapiyanın diz ağrısını müalicəsində istifadə olunan bəzi prosedurlar:

  1. İdman Proqramları: Fizioterapevtlər diz ağrısını azaltmaq və oynaq stabilizasiyasını artırmaq üçün xüsusi idman proqramları hazırlayırlar. Bu idmanlar əzələ gücünü artırmaq, elastikliyi artırmaq və bədən biomexanikasını düzəltmək üçün hazırlanır.
  2. Manual Terapiya: Fizioterapevtlər əl ilə tətbiq olunan manipulyasiya və mobilizasiya metodlarından istifadə edərək əzələləri və oynaqları müalicə edirlər. Bu, oynaq hərəkət açıqlığını artıraraq ağrıları aradan qaldırır.
  3. İstilik və Soyuq Tətbiqi: Fizioterapevtlər istilik və soyuğun fizioloji təsirlərindən istifadə edərək ağrıları azalda bilərlər. İsti tətbiqlər əzələləri rahatladır, soyuq tətbiqlər isə iltihabı azaltmaqda istifadə olunur.
  4. Elektroterapiya: Elektroterapiya metodları elektrik cərəyanlarından istifadə edərək ağrıları azaltmaq və əzələləri stimullaşdıraraq gücləndirmək məqsədi daşıyır. TENS (transkutan elektrik sinir stimullaşdırılması) belə üsullardan biridir.
  5. Ultrasəs terapiyası: Ultrasəs dalğalarından istifadə edərək, toxumalara istilik və vibrasiya yaratmaqla sağalma stimullaşdırılır.
  6. Kinesio Tape Tətbiqi: Rəngli rezin bantlar müəyyən əzələ qruplarını dəstəkləmək və ağrıları azaltmaq üçün tətbiq oluna bilər.


Fərdin xüsusi ehtiyaclarına və ağrı səbəbinə uyğun olaraq fərdi müalicə planı yaradılmalıdır. Müalicə müddətində pasiyent fizioterapevtlə tərəfindən mütəmadi olaraq dəyərləndirilir və lazım gəldikdə proqram yenilənir. Bu yanaşma diz ağrısını azaltmaq, funksiyanı bərpa etmək və təkrarlanan problemlərin qarşısını almaq üçün optimal üsuldur. Hər bir vəziyyət unikaldır, buna görə də müalicə planının bir mütəxəssis tərəfindən müəyyən edilməsi vacibdir.