Fəqərəarası disk yırtığı

disk yırtığı
Disk yırtığı

Fəqərələr arası disk nədir?

Onurğa sütunu 33-34 fəqərədən ibarətdir və onurğa beyni adlanan mərkəzi sinir sistemi strukturunu əhatə edir. Onurğanın ətrafındakı əzələlər kürəyi və beli dəstəkləyir və onun hərəkət funksiyasını yerinə yetirməsinə şərait yaradır. Onurğa beynindən bütün bədənə yayılan sinirlər bədənin digər hissələri ilə beyin arasındakı əlaqəni təmir edir.

Onurğa 5 ayrı bölmədən boyun (servikal), döş (torakal), bel (lumbar), oma (sakrum) və büzdüm fəqərələrindən ibarətdir. Bel bölgəsi 5 fəqərədən ibarət olub yuxarıdan aşağıya L1-dən başlayır və L5-də bitir. Onurğa sütununu təşkil edən fəqərələrin arasında fəqərələrarası disklər yerləşir.

Fəqərələrarası disklər nukleus pulposus və annulus fibrosusdan  ibarətdir. Nukleus pulposus gel bənzəri bir materialdır və onun tərkibinin təxminən 80%-i sudan ibarətdir. Bu strukturun qalan hissəsi tip 2 kollagen və proteoqlikanlardan ibarətdir. Annulus fibrosus nukleus pulposusu əhatə edən halqavari bir strukturdur. Yüksək əlaqəli şəkildə bir araya gətirilən birləşdirici toxuma elementlərindən ibarət olan bu strukturun zədələnməsi, nukleus pulposus materialının onurğa kanalı boşluğuna daşması ilə nəticələnə bilər.

Fəqərələrarası disk yırtığı nədir?

Disk yırtığı fəqərələrin arasında yerləşən diskin zədələnməsi və sinirlərin sıxılması kimi ifadə edilə bilər. Bu vəziyyət tez-tez şiddətli bel ağrısına və ayağa yayılan ağrıya səbəb olur. Herniasiya onurğanın istənilən səviyyəsində baş verə bilər.

Disk yırtığının altında yatan əsas problem diskin arxa hissəsində halqavari bağ toxuması olan annulus fibrosusun zədələnməsi və nukleus pulposusun onurğa kanalı daxilinə hərəkət etməsidir. Yaşlanma, ağır yük qaldırmaq, bəzi qəfil hərəkətlər və gərginliklər disk yırtığına səbəb ola bilir.

Bel nahiyəsindəki disk yırtığının əlamətləri hansılardır?

Disk yırtığının əlamətləri arasında əsasən bel, ayaq ağrıları, ayaqlarda uyuşma, yerimə çətinliyi şikayətləri olur və xəstələr adətən bu əlamətlərlə fizioterapevtə müraciət edirlər. Simptomlar xəstəliyin mexanizmindən asılı olaraq dəyişə bilər. Birinci mərhələdə xəstə yalnız bel ağrısı hiss edir. Bir müddət sonra zədələnmiş annulus fibrosus vasitəsilə Nukleus pulposusun sinirlərin yerləşdiyi kanala daşaraq, sinirləri sıxması nəticəsində ağrılar ayaqlara da keçir.

Pasiyentlərimizdə “Niyə beldəki disk yırtığı ayaq ağrılarına səbəb olur?” sualının yaranmasının səbəbi də budur. Sıxılmış sinirin son nöqtəsində, yəni innervasiya etdiyi əzələlərdə ağrı hiss edilir. Eyni şəkildə ayaqlarda uyuşma və yanma şikayətlərinə səbəb olur. İrəli mərhələlərdə ayaqlarda zəiflik yarana bilir. Daha ağır hallarda, xəstə kauda ekina sindromunun inkişafı ilə sidik qaçırma və cinsi funksiyaların itirilməsi ilə də qarşılaşa bilər.

Fəqərəarası diskin yırtılması nəticəsində yaranan şiddətli bel ağrısından əlavə bel bölgəsindəki əzələlər, tendonlar və bağlar kimi birləşdirici toxuma elementlərindəki gərginlik də ağrı yaradan digər səbəbdir . Əzələ problemlərinin və disk yırtığında ağrıların diferensiallaşdırılmasında ağrının ayağa yayılması və ya güc itkisi kimi sinirlə əlaqəli digər əlamətlər nəzərə alınır.

Lumbal onurğada yırtıq inkişaf etdikdən sonra baş verə biləcək simptomları aşağıdakı kimi ümumiləşdirmək olar:

Bu simptomlar pasiyentlərdə fərdi olaraq dəyişə bilər. Əgər sizdə bu əlamətlər varsa dərhal mütəxəsisə müraciət etməyiniz tövsiyə olunur.

fəqərəarası disk yırtığı

Disk yırtığı üçün risk faktorları hansılardır?

Bel nahiyəsindəki disk yırtığı iş həyatında işçi qüvvəsinin itirilməsinə səbəb olan xəstəliklər arasında öndə gedən sağlamlıq problemlərindən biridir. Bu xəstəliyə tutulan insanların iş qüvvəsinin itirilməsi bəzən 6 aya qədər davam edə bilir. Beldəki disk yırtığının dərəcəsi bəzi peşə qruplarında daha çox müşahidə olunur. Xüsusən də ağır yüklərin daşınması, uzun müddət avtomobil sürmək və hər zaman stol arxasında oturmaq tələb olunan peşələrdə disk yırtıqlarının tezliyi kifayət qədər yüksəkdir.

Əhalinin 85% -i həyatının bir nöqtəsində bel ağrısı ilə qarşılaşa bilər.Kişi və qadınlar arasında xəstəliyə tutulma nisbəti araşdırıldığında kişilərdə disk yırtığına tutulma riskinin qadınlara nisbətən iki dəfə çox olduğu görülə bilər. Lakin hamiləlik zamanı, xüsusən də həddindən artıq çəki artımı nəticəsində bel fəqərələrinə təzyiq artır və beldə disk yırtığı riski çoxalır.

Bu göstərir ki, artıq çəki beldə disk yırtığına tutulmada mühüm faktordur. Xəstəlik artıq çəkili insanlarda daha yüksək nisbətdə aşkar edilir və müalicəsi daha çətindir. Siqaret də disk yırtığına mənfi təsir göstərən digər bir faktordur.

Disk yırtığı diaqnozu necə qoyulur?

Xəstəliyin diaqnozunda; Kliniki müayinə nəticələrinə əlavə olaraq, rentgen, MRT (Maqnit Rezonans), KT (Kompüterli Tomoqrafiya) tez-tez istifadə olunur. Bundan əlavə EMQ dediyimiz sinirlərin elektrofizioloji müayinəsi də tələb oluna bilər.

Beldə ağrı şikayəti ilə səhiyyə müəssisələrinə müraciət edən pasientlərdə diaqnostik yanaşma ətraflı anamnez və fiziki müayinədən başlayır. Fiziki müayinə zamanı xəstənin əks olunan ağrıları, bel ağrıları, bel nahiyəsindən çıxan sinirlərin yerləşdiyi nahiyələrə aid hissiyyat itkisinin təsviri, kompulsiv hərəkətlərdən və ya öskürək, asqırmadan sonra xəstənin şikayətlərinin pisləşməsi bel nahiyəsinə disk yırtığına işarədir.

Həkim xəstənin anamnezini alarkən əvvəlki əməliyyatlar və müalicələr, müntəzəm istifadə etdiyi dərmanlar, əvvəllər xərçəng diaqnozu olub-olmaması, iltihablı xəstəliklərin olub-olmaması, sistemli yoluxucu xəstəlik və immun çatışmazlığı olub-olmaması vəs. barədə suallar verir.

Ani başlayan disk yırtığı şikayətləri olan insanların təxminən 90%-də simptomlar 6 həftə ərzində yüngülləşə bilər. Diaqnostik prosedurlara başlamalı və dərhal müdaxilə etməli olan insanlar xüsusilə həyəcan siqnalları deyilən bəzi simptomların meydana gəldiyi xəstə qrupudur.

Laboratoriya testləri infeksiya və ya bədxassəli şiş (xərçəng) kimi xəstəlikləri istisna etməkdə faydalı ola bilər. Eritrositlərin çökmə dərəcəsi (ESR) və C-reaktiv protein (CRP) səviyyələri bu kontekstdə araşdırıla bilən biokimyəvi markerlər arasındadır. Tam qan sayımının nəticələri də bu xəstəlikləri istisna etmək üçün faydalı ola bilər.

Bel radioqrafiyası bel ağrısı şikayəti ilə səhiyyə müəssisələrinə müraciət edən xəstələrdə istifadə edilə bilən ilk rentgenoloji görüntüləmə üsuludur. Rentgen plyonkalara 3 istiqamətdən götürülür və xəstənin fəqərələrinin düzülüşü, mümkün sınıqları və degenerativ dəyişiklikləri müəyyən etmək üçün istifadə olunur.

Onurğanın sümük quruluşunun tədqiqində ən həssas müayinə kompüter tomoqrafiyasıdır (KT). Disk yırtıqları tomoqrafiya görüntüləri ilə də aşkar edilir.

Digər radioloji görüntüləmə üsulu olan maqnit rezonans görüntüləmə (MRT) bel yırtığından şübhələnən xəstələrdə qızıl standart diaqnostika vasitəsi hesab olunur. Təxminən 97% diaqnostik dəqiqliyə malik olan bu prosedur çox həssasdır, çünki yumşaq toxumaları da ətraflı şəkildə görüntüləyə bilir.

Bel yırtığı necə müalicə olunur?

Konservativ müalicə:

Fizioterapiya: Fizioterapevtin rəhbərliyi altında tətbiq edilən hərəkətlər və müalicə üsulları ilə əzələ gücünün və elastikliyin artırılması məqsədi daşıyır.

Masaj və Manual Terapiya: Əzələ gərginliyini azaltmaq, qan dövranını artırmaq və ağrıları aradan qaldırmaq üçün istifadə edilə bilər.

İstirahət: Fəaliyyətlərin məhdudlaşdırılması və yataq istirahətinin aparılması disk yırtığı simptomlarını aradan qaldıra bilər.

Ağrı kəsicilər: Həkimin tövsiyəsi ilə istifadə edilən ağrıkəsicilər və ya iltihab əleyhinə dərmanlar ağrıları idarə etməyə kömək edə bilər.

Epidural inyeksiyalar:

Xüsusi bir nahiyəyə steroid tərkibli dərmanların yeridilməsi ilə ağrı və iltihabı azaltmaq məqsədi daşıyır. Bu müalicə müvəqqəti rahatlama təmin edə bilər.

Cərrahi müdaxilə:

Cərrahi üsullar ümumiyyətlə konservativ müalicələrə cavab verməyən və ya simptomları ağır olan xəstələrdə istifadə olunur.

Diskektomiya: Yırtıq diskdən sıxılan hissə çıxarılır.

Laminektomiya: Onurğa beynindəki təzyiqi azaltmaq üçün onurğa kanalındakı sümük toxumasının bir hissəsinin çıxarılması prosesidir.

Mikrocərrahiyyə: Yırtıqların çıxarılması minimal invaziv cərrahi üsullarla aparılır.

Disk yırtığının müalicəsində ən uyğun üsulu təyin etmək üçün Mütəxəssisə müraciət etmək vacibdir.  Mütəxəssis xəstənin narahatlıq səviyyəsinə, tibbi tarixə və simptomlara əsaslanaraq ən yaxşı müalicə planını yarada bilər.

Disk yırtığından qorunmaq üçün nələrə diqqət edilməlidir?

Disk yırtığının yaranmaması üçün ilk növbədə bədən çəkisinə diqqət etmək lazımdır. Çünki artıq çəki bel fəqərələrinə təzyiqi artıraraq disk yırtığı riskini xeyli artırır. Digər səbəb isə oturaq həyat tərzidir. Müntəzəm olaraq idman edən insanlarda, xüsusən də bel və qarın əzələləri inkişaf etmiş insanlarda bel yırtığı daha az rast gəlinir, çünki onurğadan əlavə əzələlərdə bədənimizin ağırlığını daşınmasında kömək edir. Qarın əzələlərinin və onurğa boyunca uzanan əzələlərin funksiyası da böyük əhəmiyyət kəsb edir. Müntəzəm idmansız , hərəkətsiz qalmaq kimi hallarda əzələlər kifayət qədər güclənmədiyi üçün əzələlərin daşımalı olduğu bədən çəkisi də onurğaya və dolayısıyla disklərə düşərək yırtıqlara səbəb ola bilər.

Disk yırtığından qorunmaq üçün gündəlik həyatda da onurğanın fiziologiyasına uyğun hərəkət etmək lazımdır. Məsələn, yerdən yük qaldırarkən, dizləri əyərək çömbəlmiş vəziyyətdə qaldırılmalıdır. Uşaqlıqdan disk yırtığına səbəb olan oxşar risk faktorlarını tamamilə aradan qaldırmaq; Yükü necə qaldırmaq, yerdən bir şeyi necə götürmək, yataqdan necə qalxmaq haqqında təlim verilməlidir. Bundan əlavə uşaqlarımıza kiçik yaşlarından müntəzəm bel idmanı proqramı etməyi vərdişləndirmək, sonrakı yaşlarda disk yırtığının qarşısını almaq üçün təsirli bir üsuldur.

Disk yırtığının qarşısını almaq həmişə mümkün deyil, lakin müxtəlif tətbiqlərlə riski azaltmaq olar:

  • Ağırlıq qaldırarkən düzgün metoddan istifadə etmək.
  • Sağlam bədən çəkisinə sahib olmaq.
  • Gəzərkən, oturarkən, dayanarkən və yatarkən sağlam bədən duruşunun qorunması.
  • Uzun müddət oturduqdan sonra dartma hərəkətləri etmək.
  • Hündürdaban ayaqqabılardan istifadə etməmək.
  • Kürək və bel bölgəsindəki əzələləri gücləndirmək üçün müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq.
  • Tütündən istifadənin dayandırılması.
  • Balanslaşdırılmış pəhriz və.s.

 

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün həkim mütəxəssisə müraciət etməyiniz tövsiyyə olunur.